• Təqvim

  • Maraq



Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qaymaqlı kəndində olub


Ölkəmizdə Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdən aydın şəkildə görmək olur ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının yanvar ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qaymaqlı kəndində olub.

Yanvarın 18-də Qazax Rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, yeni ilin başlanması münasibətilə səmimi ürək sözlərini çatdırıb. Sakinlərlə keçirilən səyyar görüşlərin əhəmiyyətindən söz açan rayon rəhbəri bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

Rayon rəhbəri son illər "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən Qazax rayonunda aparılan genişmiqyaslı abadlıq işlərindən də söz açıb. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını, küçələrə asfalt örtüyünün vurulduğunu, səkilərə tamet döşəndiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. İcra başçısı bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də diqqətdə saxlanıldığını, Qazax Rayon Mərkəzi Xəstəxanasının tikilməsini bu sahədə görülmüş işlərin əyani sübutu olaraq qeyd edib. 


Vətən yolunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edən icra başçısı bütün kəndlərimizdən olduğu kimi, Qaymaqlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər şəhid verdiyini, Birinci Qarabağ müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Qaymaqlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 34 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı könüllü döyüşə qatılan, Vətən yolunda Şəhidlik zirvəsinə ucalan, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kənd sakini, Vətən müharibəsi şəhidi əsgər Nəsibov Asəf Səfəralı oğlu ilə bu gün hər kəsin qürur duyduğunu söyləyib. Rayon rəhbəri istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. İcra başçısı 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndinin azad olunması və orada üçrəngli bayrağımızın qaldırılması ilə bütün şəhidlərimizin qisasının alındığını, igid Vətən oğullarının qanının yerdə qalmadığını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.


Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin aparıldığını qeyd edib. İcra başçısı Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsini Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Qaymaqlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qaymaqlı kəndində əkin sahəsinin 406,5 hektardan 1112,50 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Qaymaqlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını, hazırda kənddə 9 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılmasını bu sahədə olan işlərin əyani sübutu kimi qiymətləndirib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 15 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsinin üzvü, 12 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Ötən müddət ərzində Qaymaqlı kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib.


Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qaymaqlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Hazırda kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəronline MB” LTD və “Selnet” şirkətləri tərəfindən fiber-optik internet xəttinin çəkildiyini və işlərin davam etdiyini bildirib.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. 


Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərə - yeni məktəb binasının inşa olunmasına, tibb məntəqəsinin təmir edilməsinə, yem məntəqəsinin tikilməsinə, içməli su çəkilişinə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə güclü külək zamanı naqillərin nasaz vəziyyətdə olması səbəbindən elektik verilişində yaranan fasilələrin aradan qaldırılması, kənddə körpələr evi-uşaq bağçasının açılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşılacağını, səslənən məsələlərin diqqətdə saxlanılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.

GOYEZEN.AZ



Facebook-da paylaş