İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn qazaxlı igid Vətən oğullarının ailələri ilə görüşüb
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı.
Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncama əsasən hər biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğulları bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısını hər zaman əsas götürən rayon rəhbərliyi bütün şəhid ailələri kimi, antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailələrini də diqqətdə saxlayır.
Dekabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan gizir Elvin Əhmədovun, (MAHHXHQ) baş çavuş Ramin Hüseynovun, (MAHHXHQ) əsgər Fərid Nəbiyevin ailəsi ilə görüşüb. İcra aparatının məsul işçiləri ilə birlikdə şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanıb, istəklərini, təkliflərini dinləyib.
İcra başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. Rayon rəhbəri qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə, Qarabağda, Xankəndində üçrəngli bayrağımızın dalğalanmasına görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
“Hər birimizin qəlbində bütün şəhidlərimizin xatirəsi əzizdir. Bu gün İlham, Elvin, Ramin, Fərid, Aqşin kimi oğullarımızla hər bir azərbaycanlı, qazaxlı fəxr edir”, - deyən icra başçısı bütün şəhidlərimiz kimi, onların da heç zaman unudulmayacağını, nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib.
“Hər bir şəhid ailəsi bizim üçün əziz və doğmadır. Şəhidlərimizin adlarını əziz tutmaq, yaşatmaq hər birimizin vəzifə borcudur. Ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır. Özümə borc bildim ki, bu gün siz şəhid ailələri ilə görüşüm, az da olsa dərdinizə şərik olum”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
İcra başçısı Qazax rayonunda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də digər döyüşlər zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə yaradılmış guşəni, 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini bu sahədə görülən işlərin bariz nümunəsi kimi qeyd edib.
Rayon rəhbəri 2021-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazıldığını söyləyib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən daha bir kitabın - “Vətəni canından əziz bilənlər” adlı yeni kitabın işıq üzü gördüyünü və həmin kitabda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız İlham, Elvin, Ramin, Fərid, Aqşin haqqında da məlumatın yer aldığını vurğulayıb. Rayon rəhbəri Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirən kitabda yazılanların gələcək nəsillərə əsl nümunə, örnək olduğunu bildirib. Nəfis tərtibatı ilə seçilən kitabın həm də müəllif tərəfindən qələmə alınmış yazıları ilə də diqqət çəkdiyini söyləyib. Gələcək nəsillərin kitabı oxuyarkən hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. İllər ötsə belə istər “Qanları ilə dastan yazanlar”, istərsə də “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimizin də yaşayacağını vurğulayıb. Kitab haqqında ürək sözlərini bölüşən rayon rəhbəri müəllif Elçin İsmayılın əməyini yüksək qiymətləndirib, qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti və şəhid ailələri adından minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş