• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”


Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il illər keçsə, qərinələr ötsə belə hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 

Bu gün bütün dünya qalib Azərbaycanın uğurlarına şahidlik edir. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Cari ilin 21 dekabr tarixi Prezident İlham Əliyevin Xankəndi stadionunda çıxışı ilə yadda qaldı. 

Tarixi günlərdən biri o oldu ki, cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. 

Dünən bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisənin şahidi olduq. Ölkə Prezidenti İlham Əliyevin söylədiyi kimi, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir.

Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi olaraq ölkə başçısı bildirdi ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirlər.

Dövlət başçısı qeyd etdi ki, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.


Tarixi həqiqətləri bir daha diqqətə çatdıran ölkə başçısı bildirdi ki, Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.

Ölkə başçısının söylədiyi kimi, üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. 

Əbədi qürur mənbəyimiz hesab edilən Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Dövlət başçısının vurğuladığı kimi, quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır.

Xankəndi stadionuna gəlincə stadion cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.

Ölkə rəhbəri qeyd etdi ki, bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.


Dövlət başçısı bildirdi ki, “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır.

Zəfərimizin mənbəyinə gəlincə ölkə başçısı qeyd etdi ki, Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Ölkə başçısının qeyd etdiyi kimi, xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. 

Dövlət başçısı söylədi ki, tarixi unutmamaqla həqiqətləri yaşadaq. İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı.

Müasir tariximizin Zəfər səhifələri kimi üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!



Facebook-da paylaş