• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edən gənclər öz təəssüratlarını rayon rəhbərliyi ilə bölüşüblər


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən illər ötsə belə hər zaman qürurla danışılacaq. Çünki tarixi Azərbaycan  ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq 2020-ci ili Qələbə ili kimi yaddaşlarına qızıl hərflərlə yazdılar. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıq, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.

44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Allahverdiyev Sakit Şahin oğlu da Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımızdandır. Bu gün Sakit Allahverdiyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Nə qədər ki, Azərbaycan xalqı var Sakit kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Sakit tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. 


Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri hər zaman nümunəvi təşəbbüsləri ilə seçilirlər. Gənclər bu dəfə 19 yaşında Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi Sakit Allahverdiyevin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər. 

Dekabrın 16-da 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, RİH başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov, Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri Çaylı kəndinə gələrək şəhidimizin anası Vəfa Həsənova ilə birlikdə kənddəki Şəhidlər Xiyabanında uyuyan Sakitin və digər şəhidlərimizin məzarını ziyarət edib, tər qərənfillər düzərək igid Vətən oğullarını ehtiramla anıblar.

 

Sonra gəncər şəhdimizin ata ocağında, böyüyüb boya-başa çatdığı evdə olublar. Qəhrəman şəhidimizin xatirəsinə yaradılmış guşə ilə tanış olaraq igid Vətən oğlunun keçdiyi döyüş yoluna nəzər salıblar. 

Çay süfrəsi arxasında şəhidimizin anası ilə səmimi söhbət edən gənclər qəhrəmanımızla bağlı anasının xatirələrini dinləyib, ürəyi Vətən eşqi ilə döyünən və elə Vətən yolunda canını fəda edən Sakiti yaxından tanıyıblar. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Bu gün qəhrəmanlıq simvolumuza çevrilən Sakit kimi qəhrəman oğullarımızla, şəhidlərimizlə nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu bildirib. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunun gələcək nəsillərə, gənclərə örnək olduğunu, onları tanımağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulayıb. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Sakit Allahverdiyevin əziz xatirəsinin daim ehtiramla anılacağını söyləyib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu söyləyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. 

Şəhid ailəsini ziyarət edən gənclər öz təəssüratlarını rayon rəhbərliyi ilə bölüşüblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşən gənclər 19 yaşında Şəhidlik zirvəsinə ucalan Sakit kimi oğullarımızdan örnək və nümunə götürdüklərini, bugünkü ziyarət zamanı şəhidimizi daha yaxından tanıdıqlarını söyləyiblər. Şəhidimizin anasının dilindən Sakit haqqında səslənən fikirlərin, eləcə də şəhidimizin xatirəsini əbədiləşdirən guşədə gördüklərinin onları qürurlandırdıqlarını vurğulayıblar. Uşaqlıqdan vətənpərvər ruhda böyüyən Sakitin Vətən uğrunda canını fəda etməsinin hər bir gəncə örnək olduğunu bildiriblər.


Gənclər şəhid anasının onları öz övladı tək qarşılamasından, ziyarətlərindən məmnunluq hissi duymasından qürurlandıqlarını qeyd ediblər. Gənclər şəhid anasının dövlətimizdən, Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, eləcə də rayon rəhbərliyindən razılıq etməsini, dövlətimizin qayğısını hər zaman hiss etməsindən ağızdolusu söz açmasından da bir gənc olaraq qürurlandıqlarını dilə gətiriblər. Şəhid anasının bu gün gənclərin övladının məzarını və evini ziyarət etmələrini dövlətin növbəti qayğısı kimi qiymətləndirdiyini qeyd ediblər.

Gənclərlə səmimi söhbət edən rayon rəhbəri bu nümunəvi təşəbbüslərinə, şəhidlərimizə verdikləri dəyərə görə onlara razılığını ifadə edib. Bu cür təşəbbüslərin davamlı olmasını arzu edib. “Hər bir şəhid ailəsi bizim üçün əziz və doğmadır. Şəhidlərimizin adlarını əziz tutmaq, yaşatmaq, qazilərimizə, yaralılarımıza qayğı göstərmək hər birimizin vəzifə borcudur. Ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır”, - deyən icra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini qeyd edib.  

Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.



Facebook-da paylaş