İcra başçısı bu gün dünyasını dəyişən müharibə veteranı Sahib Əzizovun evində olub və ailəsinə başsağlığı verib
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımızın sayəsində bu gün üzərində gəzdiyimiz torpaq var olmaqdadır. Bu amal uğrunda yaşayan və hər an Vətən yolunda canlarından keçməyə hazır olan qəhrəman övladlarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları qəhrəmanlıqları ilə hər zaman tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində iştirak edən qəhrəman oğullarımızdan biri də Cəfərli kəndinin igid oğlu Birinci Qarabağ müharibəsi veteranı Əzizov Sahib Çoban oğludur. Dekabrın 15-də dünyasını dəyişən Sahib Əzizov bizim aramızda olmasa da o, qəlblərdə əbədi yaşayacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Cəfərli kəndində olub, dünyasını dəyişən S.Əzizova Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib, övladına və yaxınlarına başsağlığı verib. Bütün şəhidlərimiz, qazilərimiz, veteranlarımız kimi, Sahib Əzizovun da unudulmayacağını, daim ehtiramla anılacağını söyləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş