Qazaxda icra başçısı rayonda yeni istifadəyə verilən maye halda qablaşdırılmış soyuq qəhvə istehsalı müəssisəsində olub və mövcud vəziyyətlə maraqlanıb
Müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə sahibkarlığın inkişafına daim xüsusi diqqət göstərilib. Çünki Ulu Öndər Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı.
Təqdirəlayiq haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla inkişaf etdirilməsinə gətirib çıxarır.
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Noyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayonunun Xanlıqlar kəndində keçmiş elektrod zavodunun ərazisində fəaliyyət göstərən maye halda qablaşdırılmış soyuq qəhvə istehsal edən “Correcto” MMC müəssisəsində olub və mövcud vəziyyətlə maraqlanıb.
“Correcto” MMC-nin direktoru Teymur Əmircan yeni fəaliyyətə başlayan istehsal müəssisəsi haqqında ətraflı məlumat verərək görülmüş və qarşıda nəzərdə tutulan işlərdən danışıb. T.Əmircan bildirib ki, ümumi torpaq sahəsi 2 hektar, istehsal sahəsi 2160 kv.m olan keçmiş elektrod zavodunun ərazisində müəssisənin fəaliyyəti nəzərdə tutulub. Direktor qeyd edib ki, “Correcto” MMC 03.03.2022-ci ildə təsis edilib. Şirkətin əsas profili soyuq qəhvə istehsalıdır. Məhsul “Corretto” əmtəə nişanı altında istehsal olunur. Azərbaycan məhsuludur. “Correcto” MMC Qafqazda ilk zavoddur ki, soyuq kofe istehsalı ilə məşğul olur. Şirkət hazırda 4 çeşiddə - Corretto “Americano”, Corretto “Cappucino”, Corretto “Latte”, Corretto “Mocha” istehsal edir. T.Əmircan növbəti illərdə soyuq qəhvə ilə yanaşı, soyuq çay və bir neçə çeşid meyvə şirələrinin istehsalının nəzərdə tutulduğunu vurğulayıb. Müəssisədə birinci mərhələdə 20 nəfər, ikinci mərhələdə 20 nəfər olmaqla, 40 nəfər işçinin işlə təmin olunacağını bildirib. Müəssisədə quraşdırılan avadanlıqların xarici mütəxəssislər tərəfindən quraşdırıldığını, gələcəkdə müəssisənin fəaliyyət və istehsal sahəsinin daha da genişləndiriləcəyini qeyd edib.
İcra başçısı Rəcəb Babaşov rayonda yeni sosial obyektlərin açılmasını, müəssisələrin yaradılmasını vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.
T.Əmircan ölkəmizdə sahibkarlara, iş adamlarına göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti sahibkarlara olan qayğı kimi dəyərləndirib.
Facebook-da paylaş