• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. 

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq.

 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə "Əbədi Qəhrəmanlar" başlığı altında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, məşqçi müəllimlər, idmançılar, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, Bak Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Vüqar Süleymanov adına Qazax Peşə Liseyinin tələbələri, gənclər, KİV nümayəndələri iştirak ediblər.                

Xanlıqlar kəndi ərazisində keçirilən ağacəkmə aksiyasında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Qazax rayonundan torpaqlarımızın azadlığı uğrunda Şəhidlik zirvəsinə ucalmış 350 nəfər şəhidin hər birinin adına 350 ədəd müxtəlif növ ağac əkilib.





Facebook-da paylaş