• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar "Xarı bülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilib

2020-ci ilin 27 sentyabrı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsinin başlandığı tarix kimi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. O Vətən müharibəsi ki, şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydu. Bu gün noyabrın 8-də 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhəri Günü kimi yaddaşlara yazılacaq. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Xarı bülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilib.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, sektorun əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, məktəb direktorları, direktor müavinləri, bağça müdirləri, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdən əvvəl Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun xatirəsinə inşa edilən bulağın önünə tər qərənfillər düzülüb, igid Vətən oğullarının əziz xatirələri ehtiramla anılıb. 

Sonra Məktəbin foyesində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə şanlı Zəfərimizə, tarixi Qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib. 


Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək başda şəhid ailələri, qazilər olmaqla, iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. G.Həsənova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsi ilə xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu, torpaqlarımızın düşmən tapdağından azad edildiyini bildirib. Müavin G.Həsənova 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin kökündə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin, həmin siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını qeyd edib. G.Həsənova qeyd edib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Dahi rəhbərin "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərinin artıq illərdir ki, öz real əksini tapdığını vurğulayıb. Xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi olduğumuzu söyləyib. Müavin bu il həm də Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü qeyd edib. Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. G.Həsənova 15 oktyabr 2023-cü il tarixinin də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb. Müavin qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdirHərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər birimizə nümunə olduğunu söyləyib. G.Həsənova qeyd edib ki, nə qədər Azərbaycan xalqı var Şuşanın, eləcə də digər şəhər və rayonlarımızın azad olunduğu günlərin, tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin heç zaman unudulmayacağını qeyd edib. İllər ötsə belə şanlı Zəfəri bizlrə bəxş edənlərə borclu və minnətdar olduğumuzu bildirib.


Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ürək sözlərini çatdırıb. R.Rzayev bu gün hər bir azərbaycanlının 8 Noyabr – Zəfər Gününü qürurla qeyd etdiyini, bu qüruru xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Natiq çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən söz açaraq həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldığını, Azərbaycan dövlətinin bütün dünyada qalib dövlət, xalqımızın qalib xalq kimi tanındığını qeyd edib. R.Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər bir təhsil işçisi üçün yol xəritəsi və nümunə olduğunu söyləyib. Məktəblərdə şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının geniş şəkildə təbliğ olunması, gələcək nəsillərə çatdırılması üçün əməli işlər görüldüyünü, şəhidlərin xatirəsini yaşadan guşələr yaradıldığını, müəllimlər tərəfindən daim vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını, şəhid övladlarının daim diqqətdə saxlanıldığını qeyd edib.     


Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin direktoru Tahirə Comərdova çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. T.Comərdova 3 il ötməsinə baxmayaraq xalqımızın qürur dolu anları bu gün də eyni sevinc hissi ilə xatırladığını, illər ötsə belə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığı tarixi Qələbəni heç zaman unutmayacağını söyləyib. T.Comərdova məktəb liseyin kollektivi olaraq şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin xatirəsini hər zaman əziz tutduqlarını bildirib. T.Comərdova Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin məzunlarından - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun 44 günlük Vətən müharibəsində, gizir Əhmədov Elvin Qələndər oğlunun isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib. Məktəbin həyətində şəhid məzunların - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun xatirəsinə bulaq inşa edildiyini söyləyib. Bu gün məktəbdə şəhid övladlarının təhsil aldığını, igid Vətən oğullarının bizlərə əmanət etdikləri övladlarının daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Şəhidlərimizin əziz xatirəsini daim yad etməyin məktəb kollektivinin qarşısında duran ən ümdə vəzifə olduğunu, şəhidlərimizin ruhu, ailələri qarşısında baş əyildiyini diqqətə çatdırıb.  


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, 44 gündə tarix yazan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Şəhid atası Azərbaycan Ordusunun 44 gündə Azərbaycan dövlətinin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdiklərini, bu gün xalq olaraq ordumuzla, şəhidlərimizlə, qazilərimizlə qürur duyduğumuzu söyləyib. 


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Şəhid atası tədbirin təşkilində əməyi keçən insanlara razılığını ifadə edərək bu cür tədbirlər keçirildiyi müddətcə igid Vətən oğullarının heç zaman unudulmayacağını bildirib. “Dərd paylaşanda azalır, sevinc paylaşılanda çoxalırmış”, - deyən şəhid atası 3 il əvvəl şəhid ailəsi kimi onlara göstərilən qayğının bu gün də davam etdirildiyini, ilk gündən necə diqqət ayrılırdısa, bu gün də eyni qayğı göstərildiyini qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri qayğını rayon rəhbərliyinin timsalında daim hiss etdiklərini, hər zaman şəhid ailəsi olaraq hörmət və ehtiram göstərildiyini vurğulayıb. Şəhid atası ölkə başçısının oktyabrın 17-də Füzuli Şəhəri Günündə füzulilərlə görüşü zamanı söylədiyi “Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdirHərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq” fikirlərinin onu qürurlandırdığını söyləyib, ölkə rəhbərinin bu fikirlərini şəhidlərimizə olan ehtiramının bariz nümunəsi kimi qiymətləndirib. 


Şəhid Sərxan Abdullayevin oğlu Orxan Abdullayev isə Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir bənd səsləndirməklə atasının uğrunda canını fəda etdiyi azad torpaqları göz bəbəyi kimi qoruyacaq gənc nəslin yetişdiyi mesajını verib. 


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək əlamətdar bayram münasibətilə təbriklərini çatdırıb, vətənpərvərlik mövzusunda təşkil olunmuş tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə razılığını ifadə edib. Şəhid atası övladı Xaliddinin vətənpərvər ruhda yetişməsində müəllimlərinin böyük əməyi olduğunu söyləyib. Şəhid atası igid Vətən oğullarının adlarını yaşadan bulaqların tikilməsi, guşələrinin yaradılması, xatirələrinə həsr olunmuş bu cür vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi ilə şəhidlərimizin unudulmadığını, onların gələcək nəsillərə tanıdılması istiqamətində görülmüş işlər kimi dəyərləndirib.   


Şəhid Xaliddin Nəsibovun sinif rəhbəri, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin müəllimi Gülnarə Məmmədova çıxış edərək şəhid məzunun məktəb illərindən söz açıb. Xaliddinin vətənpərvər ruhda böyüdüyünü, Vətənini canı qədər sevdiyini, hərbçi ailəsində böyüdüyü üçün Xaliddinin ən böyük arzusunun hərbçi olmaq, ən əsası da general rütbəsinə qədər yüksəlmək olduğunu söyləyib. Bu gün isə Xaliddin Nəsibovun ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəlməklə elə ən böyük arzusuna çatdığını, könüllərdə general Xaliddin kimi taxt qurduğunu vurğulayıb.   

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, təqaüddə olan müəllim Cavanşir Rüstəm çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikini çatdırıb, ürək sözlərini bölüşüb. Şəhidlərimizin ruhu qarşısında baş əydiyini, şəhid ailələrinə ehtiramını ifadə edib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan şair bu cür tədbirlərin məktəblilərin vətənpərvər ruhda yetişməsində böyük rol oynadığını söyləyib. Tarixi Qələbəmizə həsr etdiyi “Düşmən bu yerlərdə görünməz daha” adlı şeirini səsləndirərək əlamətdar günü şəhid ailələri ilə birlikdə qeyd etməkdən qürur duyduğunu söyləyib. 


Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu şanlı Zəfərimizə həsr etdiyi şeirini təqdim edərək tədbirə öz töhfəsini verib.  

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək əlamətdar gündə, şanlı Zəfərimizə həsr edilmiş bir tədbirdə şəhid ailələri və qazilərlə bir yerdə olmaqdan, onlarla görüşməkdən qürur duyduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə ziyalılar adından təbrik edib. “Şuşanı alan oğullar” şeirini səsləndirən şair bir daha şuşalı günləri bizə bəxş edən şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. 

Sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalarla davam etdirilib. 

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri “Andiçmə” adlı kompozisiya ilə şəhidlərimizə ehtiramlarını bildiriblər. Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Gülay Abbaszadə “Qarabağ artıq azaddır” şeirini səsləndirib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 8b sinif şagirdlərinin ifasında xor qrupunun səsləndirdiyi “Vətəndən pay olmayır” adlı mahnı töhfəsi alqışlarla qarşılanıb.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin 8b sinif şagirdləri Elcan Babayev tarda ifa etməklə, Nurlan Alıyev oxuduğu “Qarabağ” mahnısı ilə tədbirə toplaşanların könlünü oxşayıb. 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 6ç sinif şagirdlərinin “Qarabağa gedirik” adlı rəqs nömrəsi bayram tədbirinə xoş ovqat bəxş edib. 

Gənc ifaçı Türkan Rəhimova “Azərbaycan” adlı mahnı töhfəsi ilə bayram tədbirinə rəng qatıb. 

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 8b sinif şagirdləri və şəhid övladlarının söylədikləri “Mənim atam qəhrəmandır” mahnısının sədaları altında bayram tədbiri başa çatıb. Şəhid övladlarına atalarının şəkli əks olunmuş xatirə hədiyyələri təqdim edilib.



Facebook-da paylaş