• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Vətən müharibəsi əlilinin evində görülmüş işlərlə tanış olub


Müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan 2020-ci il illər ötsə belə hər zaman Qələbənin qazanıldığı bir il kimi xatırlanacaq. Məhz o ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad olundu, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində 27 sentyabrda başlayan Vətən müharibəsində qazandığımız Qələbə bütün dünyaya Azərbaycan dövlətinin gücünü göstərdi. Bu Qələbəni şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimizi heç zaman unutmuruq. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğludur.


Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.

Avqustun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 3-cü dərəcəli Vətən müharibəsi əlili Fəqan Rəhimovun evində olması, onun qayğılarını, narahat edən məsələləri dinləməsi barədə məlumat vermişdik. Budur, artıq qazimizin qəzalı vəziyyətdə olan evi sökülərək yenidən qurulur. Bu, Fəqan Rəhimovun timsalında dövlətin qazilərimizə olan növbəti qayğısıdır. 

Sentyabrın 4-də icra başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə 3-cü dərəcəli Vətən müharibəsi əlili Fəqan Rəhimovun evində görülmüş işlərlə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, söküntü işləri yekunlaşdığından hazırda hörgü işləri aparılır.


Qazi Fəqan Rəhimov ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bu gün yararsız vəziyyətdə olan evinin sökülərək yenidən qurulmasını minnətdarlıqla qarşılayıb, əziyyəti olan hər kəsə razılıq edib. 

Məlumat üçün qeyd edək ki, Rəhimov Fəqan Fazil oğlu 4 iyun 1996-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbi bitirib. Orta təhsillidir. 9 sentyabr 2020-ci il tarixdən Qusar rayonunda N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. 6 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə sağ ayaq nahiyəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Fəqan Rəhimova Füzuli hərbi hospitalında ilkin tibbi yardım göstərilib. 09.10.2020-ci ildə Beyləqan RMX-da, 14.10.2020-ci il tarixdə Beyləqan rayon  N saylı hərbi hissənin tibb məntəqəsində müalicə aldıqdan sonra 18.10.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün döyüşə qayıdıb. Hərbi xidmətdən tərxis olunub. 08.09.2021-ci il tarixdə III dərəcəli əlillik təyin edilib. Respublika Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.



Facebook-da paylaş