• Təqvim

  • Maraq



Qazaxda Tovuz döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ildönümündə xatirəsi anılıb


Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən qəhrəmanlarımızdan biri də Yuxarı Salahlı kəndinin igid oğlu, 2020-ci ilin İyul döyüşlərində Şəhidlik zirvəsinə ucalan şəhid mayor Əhmədov Namiq Hajan oğludur.


Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər zaman əziz tutulur. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə əbədi yaşayır.  

2020-ci ilin Tovuz döyüşləri zamanı ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələn mayor Əhmədov Namiq Hajan oğlunun son mənzilə yola salındığı gündən 3 il ötür. Bu gün şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü qeyd olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Yuxarı Salahlı kəndinə gələrək igid Vətən oğlunun ata ocağında olub, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini dərin ehtiramla yad edib. İcra başçısı Rəcəb Babaşov şəhid atası Hajan Əhmədova və ailə üzvlərinə bir daha başsağlığı verib, şəhidimizin ünvanına səmimi ürək sözlərini çatdırıb. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb. Tarixi qələbəyə gedən yolun öz başlanğıcını Aprel və Tovuz döyüşlərindən götürdüyünü qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, həmin qələbə ilə bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. Namiq Əhmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib. 


Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qəhrəman şəhidimizin ölümündən sonra ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və daim qəlblərdə yaşaması deməkdir.  

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Hajan Əhmədov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və “N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.


2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, Nigar adlı bir qız və Məhəmməd adlı bir oğlan övladı yadigar qalıb. 

Respublika Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən Qazax şəhəri Səməd Vurğun küçəsindən başlayaraq Qazax rayonu Ağköynək kəndinin Səyad Zeynalov küçəsinədək adsız olan küçəyə Tovuz döyüşləri şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz mayor Namiq Əhmədovun adı verilib.

Qeyd edək ki, rayon rəhbərliyi tərəfindən şəhidimizin evinin təmiri yüksək səviyyədə başa çatdırılaraq ailəsinə təhvil verilib.



GOYEZEN.AZ



Facebook-da paylaş