Qazaxda icra başçısı ailə həyatı quran Vətən müharibəsi qazisi kiçik gizir Altay Sadıqlını təbrik edib
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan və şanlı Zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi hərb tariximizə Qələbə səhifəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, yaralılarımıza, qazilərimizə göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın ailələrini daim diqqətdə saxlayır.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan oğullarımızdan biri də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin çevik qüvvələrində xidmət etmiş, 3-cü dərəcəli Vətən müharibəsi qazisi, Qazax şəhər sakini, kiçik gizir Sadıqlı Altay Məzahir oğludur. Torpaqlarımızın azadlığı uğrunda Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən Altay Sadıqlı kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik.
Bu gün – iyunun 16-da ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Altay Sadıqlının ailəsində xoş gündür. İgid Vətən oğlu ailə həyatı qurur. Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Altayın da xoş günündə onun yanında olub.
İcra başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Misir Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov və icra aparatının məsul şəxsləri birlikdə Altay Sadıqlının toy mərasimində iştirak edib.
44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Altay Sadıqlını ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailə həyatı quran qazimizə səmimi təbriklərini çatdıran rayon rəhbəri ölkə başçısının və Birinci vitse-prezidentin onlara toy hədiyyəsi də göndərdiklərini qeyd edib.
“Bu gün hər birimiz torpaqlarımızın düşmən tapdağından azad olunmasına görə Ali Baş Komandana, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, Altay kimi igid oğullarımıza borcluyuq. Siz tarix yazdınız. Sizlərlə bütöv Azərbaycan, xalqımız fəxr edir. Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümə borc bildim ki, qəhrəman Vətən oğlunun xoş günündə yanında olum”, - deyən icra başçısı əlamətdar gün münasibətilə təbrik edib. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri onların valideynlərinə bir daha gözaydınlığı verib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Misir Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik məktubunu oxuyaraq yeni ailə quran qazimizə səmimi ürək sözlərini çatdırıb. Qəhrəman qazimizin döyüş yolundan, göstərdiyi şücaətdən danışaraq Altay kimi oğulların gənclərə örnək olduğunu söyləyib. Dövlət Sərhəd Xidməti tərəfindən göndərilən hədiyyəni təqdim edərək bir daha ailə səadəti arzulayıb. “Bu gün xoşbəxtəm ki, mənimlə çiyin-çiyinə döyüşən igid, qəhrəman oğulun toy mərasimində iştirak edirəm. Altay kimi oğullarımızla fəxr edirəm”, - deyən M.Əliyev gənc ailəyə xoşbəxtlik diləyib.
Bəli, bu gün Qazaxda yeni bir ailənin təməli qoyulub. Nikahı rəsmiləşdirən Qazax Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova yeni ailə quran gənclərə ailə xoşbəxtliyi, səadəti arzulayıb.
Qazi Altay Sadıqlının ailə üzvləri şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının xoş günündə onların yanında olan rayon rəhbərliyinə Sadıqovlar ailəsi adından təşəkkür ediblər. Bugünkü gündə onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.
Məlumat üçün qeyd edək ki, 3-cü dərəcəli Vətən müharibəsi qazisi, kiçik gizir Sadıqlı Altay Məzahir oğlu 17.01.1998-ci ildə Qazax şəhərində anadan olub. 2015-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirib. 2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonunda hərbi xidmətdə olub. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin gizir məktəbində 6 ay təhsil alıb və DSX-nin çevik qüvvələrində xidmət edib. 27.09.2020-ci il tarixdə başlamış Vətən müharibəsində iştirak edərək 20.10.2020-ci il tarixdə Zəngilan istiqamətində gedən döyüşlərdə yaralanıb. Respublika Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Onu da qeyd edək ki, qazimizin qardaşı Sadıqlı Emil Məzahir oğlu hazırda Dövlət Sərhəd Xidmətində əsgərdir.
GOYEZEN.AZ
Facebook-da paylaş