• Təqvim

  • Maraq



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ailə həyatı quran şəhid qardaşının toyunda iştirak edərək gənclərə xoş arzularını bildirib


2020-ci il sentyabrın 27-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə şanlı Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralılarımıza, qazilərimizə göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən bu amili əsas götürür. Hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın, qazilərimizin ailələrini daim diqqətdə saxlayır. 

İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazaraq Şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, Vətən müharibəsi şəhidi Məmmədov Səbuhi Hümbət oğludur. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan, ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Səbuhi Məmmədov kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. 

Oktyabrın 30-da qəhrəman şəhidimizin ailəsində xoş gün yaşandı. İgid Vətən oğlunun qardaşı Məhəmməd Məmmədov ailə həyatı qurdu. 

Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan, onların kədərli anlarında, xoş günlərində daim yanlarında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin ailəsinin xoş günündə də yanlarında olub. 


İcra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov şəhid qardaşı Məhəmməd Məmmədovun toy mərasimində yüksək səviyyədə iştirak ediblər. Yeni ailə həyatı quran gənclərə xoş arzularını çatdırıblar.

İcra başçısı çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Bu gün vətəndaş olaraq hər birimizin doğma Qarabağımızı düşmən tapdağından azad edən, bu yolda canından keçən şəhidlərimizə borclu olduğumuzu bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Səbuhi kimi igid oğulları ehtiramla yad edən rayon rəhbəri onların xalqımızın qəlbində əbədi yaşayacaqlarını söyləyib. 


Şəhidimizin qardaşını ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. “Bu gün hər birimiz torpaqlarımızın düşmən tapdağından azad olunmasına görə Ali Baş Komandana, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, igid oğullarımıza borcluyuq. Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümə borc bildim ki, qəhrəman Vətən oğlunun qardaşının xoş günündə yanında olum”, - deyən icra başçısı əlamətdar gün münasibətilə təbrik edib. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri gəncimizin valideynlərinə bir daha gözaydınlığı verib.


Şəhid anası Cəvahir Bənnayeva şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olduğuna görə rayon rəhbərliyinə ailəsi adından təşəkkür edib. Bugünkü gündə onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.

Gizir Məmmədov Səbuhi Hümbət oğlu


Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından “N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə “N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirmişdir. 

Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi. 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş