İcra başçısı Əhməd Seyidov küçəsində yaşayan vətəndaşların müraciəti ilə yerində tanış olub
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.
Mayın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri Əhməd Seyidov küçəsində olub, rəsmi müraciət edən bir qrup sakinin yaşadıqları küçənin asfaltlanması və işıqlandırılması ilə bağlı müraciətlərinə yerində baxış keçirib. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi sakinlərin qaldırdıqları hər iki məsələnin layihədə əksini tapdığını, şəhərin su və kanalizasiya xətlərinin çəkilişindən sonra digər küçələrdə olduğu kimi, Ə.Seyidov küçəsinə də yeni asfalt örtüyünün vurulmasının və müasir işıqlandırma sisteminin quraşdırılmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbərliyi müasir işıqlandırma layihəsi həyata keçirilənə kimi küçənin işıqlandırılmasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Müraciət edən vətəndaşlardan Vaqif Qasımov, Rəmziyə Kərəvəliyeva onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda aparılan abadlıq işlərinə, eləcə də bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətlərinə operativ şəkildə baxılmasına və bugünkü görüşə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş