Prezident İlham Əliyev: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik”
10 may xalqımızın yaddaşına müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin doğum günü kimi yazılıb. Həmin gün xalqımız Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Bu ilin 10 mayı Ulu Öndəri sevənlərin yaddaşına daha əlamətdar, daha fərqli anlarla yazıldı. 10 may günü 30 illik işğaldan azad edilmiş doğma Şuşamızda Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqa müraciət etməsi ilə yaddaqalan oldu.
Ölkə Prezidentinin müraciətində qeyd edildiyi kimi, “Heydər Əliyev İli” çərçivəsində bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
Dövlətimizin başçısı müraciətində bildirdi ki, Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.
Ölkə başçısı vurğuladı ki, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir.
Dövlətimizin başçısı qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.
Ölkə rəhbərinin vurğuladığı kimi, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.
Ölkə başçısının söylədiyi kimi, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
Ölkə başçısının qeyd etdiyi kimi, Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qalması artıq mümkün deyildi. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi onu da ona çox görmüşdür. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır.
Ölkə rəhərinin söylədiyi kimi, Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi. Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir.
Dövlət başçısının qeyd etdiyi kimi, müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır.
Ölkə rəhbərinin dediyi kimi, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.
Ölkə başçısı bildirdi ki, doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı.
Ölkə rəhbərinin vurğuladığı kimi, xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev demək olar ki, gənc, müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi.
Müstəqilliyin ilk illərinin acı mənzərəsi hər birimizin gözü önündə bu gün də canlanır. Müstəqillik əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. 1993-cü ilin real mənzərəsi - özbaşınalıq, quldurluq, xaos, anarxiya.
Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər.
Prezident İlham Əliyevin söylədiyi kimi, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir. “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Ulu Öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərmişdir və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular. 1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci cəhd baş verdi. Artıq digər qanaddan gələn zərbə yenə də gənc dövlətimizi sarsıtdı. Yenə də xalq Ulu Öndərin ətrafında birləşərək o cəhdə də imkan vermədi. 1996-cı ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yaranmışdır. O vaxtdan bu günə qədər biz sabitliyi qoruyuruq.
Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Azərbaycanın timsalında hər kəs əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı.
Ölkə rəhbərinin vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz Ulu Öndər qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Milli-mənəvi dəyərlərin qorunmasında Ulu Öndərin çox böyük rolu olmuşdur, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolu olmuşdur. Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir.
Hər kəsə yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır.
Birinci qaçqın şəhərciyi məhz Neft Fondunun vəsaitinə inşa edilmişdir. Neft Fonduna yığılan birinci vəsait Ulu Öndərin təşəbbüsü ilə məhz keçmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirildi.
Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq.
Ölkə başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir.
Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır.
Azərbaycanın uzunmüddətli strategiyası çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq.
Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür.
Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir.
Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Ermənistan bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi.
Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın ölkəmiz rəhbərlik edir. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Azərbaycan Avropa İttifaqına üzv ölkələrin doqquz ilə strateji tərəfdaşdır.
Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox.
Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.
Sosial məsələlər dövlət siyasətinin prioritet istiqamətidir. Son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib.
Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. 10 kəndin bünövrəsi son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.
Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atılır. Ölkəmiz kosmik dövlətə çevrilib. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq.
Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq.
Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu məsələlərində biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb.
İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.
Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə Qarabağı verməmək üçün gecə-gündüz əlləşirdi. Coğrafi relyefə də arxalanırdı. 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğuları da onlara kömək etmədi.
Ölkə başçısı müraciətində bir daha vurğuladı ki, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq.
Dövlətimizin başçısının da söylədiyi kimi, bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.
Facebook-da paylaş