• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert təşkil olunub


10 may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu gün xalqımız Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.

Respublika Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. 

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunub. 

Mayın 10-da “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib, eyni zamanda, möhtəşəm konsert proqramı təşkil olunub. 


Ulu Öndərin adını daşıyan Heydər Əliyev adına Parkda mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən mədəni-kütləvi tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov, köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, şəhid ailələri, müharibə əlilləri, YAP fəalları və İlk partiya təşkilatlarının sədrləri, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.     

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bayram tədbirinə Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinin Ulu Öndərin səsi ilə səsləndirilməsi ilə start verilib. 


Tədbirin aparıcısı Vüsalə Kərimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı səmimi təbriklərini və ürək sözlərini bölüşüb. Qərbin qapısı sayılan, sazın, sözün beşiyi olan Qazax torpağında olmaqdan məmnunluğunu ifadə edib. 

Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı qazaxlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub.


Respublikanın Xalq artisti Bilal Əliyevin, Əməkdar artist Mətanət İsgəndərlinin, Azərbaycanın estrada müğənniləri Ayaz Qasımovun, Vahidə Zeynalovanın, Rüfət Axundovun, “O səs Türkiyə” musiqi yarışmasının iştirakçısı Ozan Əhmədovun,  “Qismət” qrupunun solisti Tural Qismətin təqdim etdikləri bir-birindən rəngarəng musiqi töhfələri alqışlarla qarşılanıb. 

Aşıqlar Samir Cəlaloğlu və Yaşar Gülümcanovun sazda təqim etdikləri el havaları tədbirə toplaşanlara xoş ovqat bəxş edib. 

“Qönçələr” rəqs qrupunun təqdim etdikləri rəqs nümunələri maraqla izlənilib. 

Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlıq mənzərəsini tədbir iştirakçıları böyük maraqla izləyiblər.





GOYEZEN.AZ



Facebook-da paylaş