• Təqvim

  • Maraq



Qazaxda Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb


Qazaxda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı özünü Qazax rayonunda da göstərməkdədir. Bu gün düşmənlə 168 km sərhədi olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində, sentyabr hadisələrində Vətən uğrunda canından keçən 344 nəfər şəhidi var. 

Qazaxda hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri anılır. Bütün bayram və əziz günlərdə olduğu kimi, Novruz bayramı ərəfəsində də Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri unudulmayıb, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən “Qazax” şadlıq evində şəhid ailələri üçün bayram süfrəsi açılıb. 

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində, sentyabr hadisələrində şəhid olan igid Vətən oğullarının ailələri, yaxınları, doğmaları, ata, anaları, övladları iştirak ediblər.


Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına yasin oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla anılıb. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın ərazi bütövlüyü naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələrini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb. “Şəhidlərimizi anmaq hər birimizin borcudur”, - deyən icra başçısı bugünkü tədbirin keçirilməsində əsas məqsədin şəhid ailələrini bir yerə toplamaq, kədərli gündə olduğu kimi, xoş gündə də onların yanında olduğumuzu göstərmək olduğunu qeyd edib. 


İcra başçısı dövlət və ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən demişəm ki, şəhidlərimizin ruhu mənim üçün hər zaman əzizdir. Onların ailəsi mənim öz doğma ailəmdir. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, bu, şəhidlərimizin şücaəti sayəsindədir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən, şəhidlərimizin qanları ilə yazdığı şanlı Zəfərdən 3 il ötməsinə baxmayaraq, xalqımız nə o qələbəni, nə də şəhidlərimizi unutmur və unutmayacaq. Şəhidlərə olan sevgimiz, hörmətimiz hər il daha da artacaq. Biz hər şeyə görə onlara borcluyuq. Onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələri və qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək olduğunu qeyd edən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə bayram süfrəsi ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. 


Millət vəkili Səməd Seyidov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Novruz bayramı münasibətilə şəhid ailələrinə təbriklərini çatdıran millət vəkili belə əlamətdar gündə onlarla bir yerdə olduğu üçün qürur duyduğunu söyləyib. “Siz canlı tarixə çevrilmisiniz. Deyirlər tarixi olmayan məmləkət gələcəyə malik deyil. Sual versək ki, tarixi necə dərk edək, necə öyrənək? Bəli, o tarix sizsiniz, qanları ilə tarix yazan oğulların əzizləri, doğmaları olaraq onları yaşadan canlı tarixə çevrilmisiniz. Xalq olaraq, nə şəhidlərimizi, nə də sizləri unutmağa, yaddan çıxartmağa haqqımız yoxdur. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı sizlərlə yaşayır və yaşayacaq”, - deyən millət vəkili şəhid ailələri ilə birlikdə olmaqdan məmnunluğunu ifadə edib. Şəhid ailələri ilə olan görüşə, bayram tədbirinə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. 


Birinci Qarabağ müharibəsi şəhidi Tahir Xasməmmədovun qardaşı Firuz Xasməmmədov çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb. Şəhid qardaşı olaraq ölkə Prezidenti İlham Əliyevlə qürur duyduğunu bildirib. Ölkə başçısını, Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə onlara minnətdarlığını bildirib. 


Vətən müharibəsi şəhidi Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək bayram münasibətilə şəhid atalarını, analarını, ailələrini təbrik edib. “Şəhid anası kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdən çox razıyam. Çünki şəhid analarına, ailələrinə çox qayğı göstərir, dəstək verir”, - deyən G.Həsənova buna görə minnətdarlığını bildirib. “Mən şəhid anası kimi qürur duyuram. Ona görə qürur duyuram ki, mən Babək Həsənovu tək böyütmüşəm, həm atası, həm anası olmuşam. Fəxr edirəm ki, onu vətənpərvər bir oğul kimi böyütmüşəm. Babək şəhid olmaqla zirvələrə ucaldı, həm də mənim başımı uca etdi. Mənim kimi ananın başını yüksəklərə qaldırdı. Mən özümü kasıb ana hesab edərdim. Bu gün isə dünyanın ən varlı anası mənəm. Mən oğlum Babəki itirsəm də, bütün Azərbaycan oğulları mənim oğlumdur”, - söyləyən şəhid anası oğlu ilə fəxr etdiyini bir daha dilə gətirib. Şəhid analarına heç zaman ağlamamağı, daim başlarını uca tutmağı bildirib. 30 illik işğal altında qalan torpaqlarımızı 44 gündə qaytaran oğullarımızla fəxr etməyi söyləyib. Şəhdlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib.


Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək şəhid ailələrini bayram münasibətilə təbrik edib. “Qazaxlılar hər zaman mərd, döyüşkən olub”, - söyləyən şəhid atası istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində, eləcə də digər döyüşlərdə bunun şahidi olduğumuzu söyləyib. Şəhid ailəsi kimi Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinin, ziyalılarımızın qayğısını hiss etdiyini bildirib.


Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Şəhid ailəsi kimi ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinin və millət vəkili Səməd Seyidovun qayğısını daim hiss etdiyini söyləyib. Şəhid ailələri olmadan belə övladlarının məzarlarının hər bayramda, əlamətdar günlərdə ziyarət olunmasını, onlara Quran oxutdurulmasını, şəhid ailələrinə bayram süfrəsinin açılmasını şəhidlərimizə olan ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. 


Birinci Qarabağ müharibəsi şəhidi Şahin Süleymanovun anası Tamella Süleymanova çıxış edərək şəhid ailələrinə təbriklərini çatdırıb. Şəhid ailələrinə şəhid övladlarının müqəddəs adını daim uca tutmağı tövsiyə edib. “Bu gün biz şəhid ailələrini bir süfrə arxasına toplamaq, bizimlə bir yerdə olmaq şəhid ailələrinin, şəhid analarının könlünü almaq bizlərə verilən böyük dəyərdir”, - deyən şəhid anası buna görə rayon rəhbərliyinə razılığını ifadə edib. “Mən oğlum Şahini 31 ildir ki, itirmişəm. Şəhidlik zirvəsinə ucalanda cəmi 19 yaşı vardı. Düşmən sevinməsin ki, oğullarımızı bizdən aldı. Çünki neçə-neçə gənclərimiz yetişdi və bundan sonra da yetişəcək. 44 günlük Vətən müharibəsində igid oğullarımız bunu bir daha sübut etdilər. Onlar döyüş meydanında bütün şəhidlərimizin qisasını aldılar”, - deyən şəhid anası T.Süleymanova bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib. 


Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onlarla qürur duyduğunu qeyd edib. “Sağ olsun dövlətimiz şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə. Şəhidlər o vaxt ölür ki, onlar unudulsunlar. Şəhidlərimizin bizə əmanət qoyduğu dövlət onları unutmadığı müddətcə daim qəlblərdə, ürəklərdə yaşayacaqlar”, - deyən şəhid atası illər ötsə belə şəhidlərimizin unudulmayacağını söyləyib. 


Vətən müharibəsi şəhidi gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış edərək hər kəsin bayramını təbrik edib, xoş arzularını bölüşüb. “Şəhidlərimiz heç zaman unudulmur, yaddan çıxmır. Dövlətimizə, rayon rəhbərliyinə minnətdaram ki, şəhid ailələrinə belə qayğı göstərirlər, hər zaman yanımızda olurlar”, - söyləyən şəhid anası təşəkkür edib. 


Vətən müharibəsi şəhidi gizir Azad Yolçuyevin anası Ofelya Carçıyeva çıxış edərək şəhid ailələrini bayram münasibətilə təbrik edib, şəhid ailələrinə verilən mənəvi dəstəyə görə minnətdarlığını bildirib. 

Sonda icra başçısı Rəcəb Babaşov bir-bir stollara yaxınlaşaraq şəhid ailələrinin üzvləri ilə görüşüb. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onların ailə üzvlərini bir daha bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

GOYEZEN.AZ



Facebook-da paylaş