• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov Qazaxda Nəriman Nərimanov yaşayış massivində seçiciləri ilə görüşüb


107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun fevralın 6-da şəhərin Nəriman Nərimanov yaşayış massivində (SU-16) yaşayan bina sakinləri ilə olan görüşü vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da iştirak etdiyi görüşdə dövlətimiz, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən sakinlərə göstərilən dövlət qayğısından söz açılaraq həmin qayğının hər bir dövlət məmuru üçün örnək və nümunə olduğu diqqətə çatdırılıb. 

 

İcra başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq keçirilən görüşün əhəmiyyətindən danışıb. Hər zaman olduğu kimi, bugünkü görüşün kökündə vətəndaş amilinin, dövlət və ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğının dayandığını qeyd edib. Rayon rəhbəri Qazax Mənzil İstismar Sahəsinin balansında olan çoxmənzilli yaşayış binalarının, eləcə də Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların əsaslı şəkildə təmir olunduğunu söyləyib. İcra başçısı Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlandığını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verildiyini bildirib. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətinə də asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu vurğulayıb. 


Millət vəkili Səməd Seyidov sakinləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın. Əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşı dövlətdən razı salmaqdır. Millət vəkili olaraq hər zaman sizin yanınızdayıq. Tez-tez görüşə bilməsək də əsas məqsədimiz dövlətin qayğısını sizə olduğu kimi çatdırmaqdır. Mən də özümə borc bildim ki, sizlərlə görüşüm”, - deyən millət vəkili bu cür görüşlərin bu amala xidmət etdiyini bir daha vurğulayıb. Millət vəkili Qazaxa hər səfərində bir yeniliyin, abadlığın şahidi olduğunu, Qazaxın respublikamızda gündən-günə inkişaf edən bölgələr sırasında dayandığını qeyd edib. Bütün bunların ölkə başçısının diqqət və qayğısı sayəsində mümkün olduğunu söyləyib. Millət vəkili regionların sosial-iqtisadi inkişafı dövlət proqramının Qazaxda uğurla icra olunmasını, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri ölkə başçısının və rayon rəhbərliyinin vətəndaşlara olan qayğısı kimi qiymətləndirib. 


Sakinlər son illər rayonda, eləcə də yaşadıqları binalarda görülən işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğını rayon rəhbərliyi tərəfindən bütün sahələrdə hiss etdiklərini dilə gətiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə razılıqlarını bildirən sakinlər bugünkü görüşü vətəndaşlara olan növbəti dövlət qayğısı kimi dəyərləndiriblər. 

Görüş zamanı millət vəkili Səməd Seyidov və rayon rəhbərliyi qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını bildiriblər. Sakinlərin yaşadıqları binaların həyətinə asfalt örtüyünün vurulması, yaxınlıqda bankomat qoyulması və digər müxtəlif məzmunlu müraciətləri dinləyən rayon rəhbərliyi səslənən məsələlərin nəzarətə götürüləcəyini, həlli istiqamətində lazımi addımlar atılacağını qeyd edib. 

GOYEZEN.AZ



Facebook-da paylaş