• Təqvim

  • Unutma

  • Maraq



Prezident İlham Əliyev: “Həm idmançılarımızın qələbələri, həm də ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir”


Bu gün əminliklə deyə bilərik ki, hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Bu baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna rol oynayır. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrlərdə Azərbaycanda idman tamamilə bərbad hala salınmış, demək olar ki, yox səviyyəsində idi. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkəyə qayıdışından sonra idmana və idmançılara olan diqqət və qayğı artdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Sevindirici hal isə odur ki, illər öncə əsası qoyulan idman siyasəti, idmançılara olan qayğı bu gün də uğurla davam etdirilir. Bu gün ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın idmanın inkişafı istiqamətində göstərdikləri qayğı sayəsində müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır.

Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışı zamanı səsləndirdiyi dəyərli fikirlər, idman sahəsində olan uğurlarımız bir daha onu göstərdi ki, Azərbaycan idman ölkəsi kimi bundan sonra da bütün dünyada hər zaman öz sözünü deyəcək.

Ölkə Prezidenti qeyd etdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.

Azərbaycanın idman ölkəsi kimi tanınmasından söz açan ölkə başçısı bildirdi ki,  idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 

Dövlət başçısının da qeyd etdiyi kimi, ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Ölkə rəhbəri bildirdi ki, Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.

Ölkə Prezidentinin də söylədiyi kimi, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.

Ölkə başçısı qeyd etdi ki, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.

Ölkə rəhbəri vurğuladı ki, son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. 

Dövlət başçısının da vurğuladığı kimi, idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.

İdmana dövlət dəstəyindən söz açan ölkə başçısı bildirdi ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq.

Dövlət başçısı çıxışı zamanı idmanın hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu bir daha diqqətə çatdırdı. Bildirdi ki, bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.

Ölkə başçısı bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu söylədi. Qeyd etdi ki, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub.

Dövlət başçısı bildirdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.

İdmanın kütləviliyindən söz açan dövlət başçısı qeyd etdi ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə şamil olunmalıdır.

Ölkə rəhbəri azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışının keçirildiyini də qeyd etdi. Prezidentin də söylədiyi kimi, bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır.

Dövlət başçısı bildirdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Ölkə Prezidenti qeyd etdi ki, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.

Bəli, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır.

Prezident İlham Əliyevin söylədiyi kimi, tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi.

Azərbaycan idmanı bundan sonra da ölkə başçısının qayğısı sayəsində inkişaf edərək daha yüksək nailiyyətlərlə, nəticələrlə dövlətimizin idman tarixinə qızıl hərflərlə yazılacaqdır.

GOYEZEN.AZ



Facebook-da paylaş