• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub


Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Ötən müddət ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Bu gün səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Bu gün Ümummilli Liderin vəfatından 19 il keçməsinə baxmayaraq Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi xalqımız unutmur. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev anım günündə yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış olub, dahi şəxsiyyətə olan sonsuz sevgi və ehtiramlarını bildiriblər. 

Ulu Öndərin ibrətamiz həyat yolundan, 1971, 1979 və 1998-ci illərdə Qazax rayonuna etdiyi səfərlərdən bəhs edən filmə baxıblar.

Bəli, Ulu Öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın yollarını işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir.

GOYEZEN.AZ



Facebook-da paylaş