Vətən müharibəsi şəhidi Elşən Orucovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.
Şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu da qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.
Noyabrın 6-da 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün Elşən Orucov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyi, hər bir azərbaycanlının qürur duyduğu bildirilib. Şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğu qeyd olunub. Vurğulanıb ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Elşən Orucovun əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.
Şəhid Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissəsinin 2-ci taborunun tank tağımının baş sürücü mexaniki idi.
Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür.
Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı yadigar qalıb.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş