• Təqvim

  • Maraq



8 Noyabr – Zəfər Günü ərəfəsində Qazaxın Aşağı Salahlı kəndində Vətən uğrunda canlarından keçən kənd şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksinin açılışı olub

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəfdir. Qəlbimizdə Vətənə, doğma el-obaya, yurda olan məhəbbət hissini, Vətən sevgisini hər bir işdə göstərməliyik. Şəhidlik isə Vətənə olan sevginin ən ali məqamıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. 

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazaxda torpaqlarımızın ərazi bütövlüyü uğrunda 344 nəfər igid Vətən oğlu şəhid olub. 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də bunu bir daha sübut etdilər. 44 günlük haqq savaşında Qazaxın 52 nəfər qəhrəman oğlu Vətən, yurd, torpaq naminə canından keçdi. Və bir daha nümayiş etdirdilər ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən Qazaxın qeyrətli oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Qazax rayonunun Aşağı Salahlı kəndi də hər zaman qeyrətli oğulları ilə tanınıb. Bu kəndin igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə almış, bu yolda ən uca məqama yüksəlmişlər. Torpaqlarımızın bütövlüyü naminə aparılan Birinci Qarabağ müharibəsində Aşağı Salahlı kəndi 6 nəfər şəhid verib.

Aşağı Salahlının baş leytenant Poluyev Asim Tahir oğlu, çavuş Poluyev İlqar Rəşid oğlu, əsgər Hüseynov Nizami Razim oğlu, əsgər Nəbiyev Mehmandar Camal oğlu, əsgər Bənnayev Elşad Katib oğlu, əsgər Heydarov Fərman Alı oğlu kimi qəhrəman övladları olub. Bu gün torpaqlarımızın ərazi bütövlüyünü canlarından üstün tutan bu oğullarla təkcə doğulub boya-başa çatdıqları Aşağı Salahlı eli deyil, bütöv Azərbaycan fəxr edib, qürur duyur. 

Qazaxda bütün şəhidlərimizin, Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər Aşağı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də nümunə götürülür. Bunun nəticəsidir ki, kənd fəalları və kənd bələdiyyəsi tərəfindən adlarını qeyd etdiyimiz kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə kompleksi inşa olunub. İnşa edilən bu möhtəşəm bulaq-abidə kompleksi şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir. 

8 Noyabr – Zəfər Günü ərəfəsində sözügedən bulaq-abidə kompleksinin açılışı olub.

Noyabrın 4-də baş tutan açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, kompleksdə adları əbədiləşdirilən şəhidlərin ailə üzvləri, həmçinin rayonun Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və əlilləri, ağsaqqallar, ziyalılar, kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər. 

Qəhrəman şəhidlərin xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, abidə önünə tər qərənfillər düzülüb.  

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının ruhlarına yasin oxuyub, xatirələri ehtiramla yad edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, müharibə əlillərini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Tədbir iştirakçılarına, xüsusilə də şəhid ailələrinə dəvəti qəbul edib şəhidlərin adını əbədiləşdirən bulaq-abidə kompleksinin açılışında iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Bulaq-abidə kompleksinin yaradılmasında əziyyəti olan hər kəsə təşəkkürünü çatdırıb. Kənd fəallarının bu nümunəvi təşəbbüsünü yüksək qiymətləndirərək şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qeyd edib. “Nə qədər Azərbaycan xalqı var, şəhidlərimiz hər zaman yad olunacaq, xatirələri daim əziz tutulacaq. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İyul döyüşlərində, Vətən müharibəsində, sentyabr ayında düşmən təxribatının qarşısını alarkən, eləcə də digər vaxtlarda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan igid Vətən oğulları heç zaman unudulmayacaq”, - deyən icra başçısı şəhidlərimizin adlarının əbədiləşdirilməsinin bu amala xidmət etdiyini bildirib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Bunun əyani sübutu olaraq şəhərin mərkəzində bütün şəhidlərin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanının salınmasını, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini, rayonun kəndlərində olan Şəhidlər xiyabanlarında abadlıq işlərinin aparılmasını göstərib. Bu gün kənd fəallarının, kənd bələdiyyəsinin, sakinlərin təşəbbüsü və dəstəyi əsasında inşa edilən abidə kompleksinin həmin işlərin davamı olduğunu qeyd edib. Rayon rəhbəri 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə, bu gün qürurla qeyd etdiyimiz Zəfər Gününə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söyləyib. Bildirib ki, bu cür bulaqların və abidələrin inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən, kompleksin önündən keçən hər kəs şəhidlərin ruhuna dua oxumaqla bərabər, həm də onları tanımış olur. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. 


Qazax Rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, açılışı olan kompleksin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib. Məktəb direktoru Zəfər Gününün respublikamızda, eləcə də rayonda silsilə tədbirlərlə qeyd olunduğunu, bugünkü açılış mərasiminin də həmin tədbirlərin davamı olduğunu söyləyib. “Şəhid ailələri qarşısında olan borcumuz heç vaxt ödənməz. Çünki onlar bu gün qürurla qeyd etdiyimiz şanlı zəfəri bizlərə bəxş edən qəhrəman oğullar böyüdüblər”, - deyən məktəb direktoru şəhid ailələri qarşısında baş əydiyini ifadə edib. 


Şəhid çavuş İlqar Poluyevin qardaşı Bəkir Poluyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qardaşının, eləcə də kənd şəhidlərinin adlarının əbədiləşdirilməsinə, bulaq-abidə kompleksinin inşasına görə minnətdarlığını bildirib.      

Vətən müharibəsi qazisi, 3-cü dərəcəli əlil Famil Yusubov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, iştiraklarına görə təşəkkürünü çatdırıb. “Hər zaman şəhid ailələrinin, övladlarının yanında olmalıyıq. Onlara qayğı göstərməliyik. Şəhidlərimizi gələcək nəsillərə tanıtmalıyıq. Bizim üçün qürurvericidir ki, kəndimizdə şəhidlərimizlə bağlı belə bir abidə inşa olundu. Çünki gələcəkdə gənclərimiz bu abidə kompleksində adları əbədiləşdirilən şəhidlərimizdən nümunə götürəcəklər. Bugünkü qalibiyyətimizin şəhidlərimizin sayəsində mümkün olduğunu biləcəklər”, - deyən F.Yusubov açılışı olan bulaq-abidə kompleksinin inşasını bu istiqamətdə görülən nümunəvi işlərdən hesab edib. Əziyyəti keçən hər kəsə razılığını ifadə edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı və tədbirə toplaşanları Zəfər bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Zəfər Günü ərəfəsində rayonda, eləcə də kəndlərdə şəhidlərimizlə bağlı keçirilən tədbirlərlə qürur duyduğunu qeyd edib. B.Vüasl bildirib ki, Müzəffər Ali Baş Komandanın da qeyd etdiyi kimi, biz qalib xalqıq və qürur dolu anlar yaşamağa layiqiq. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Şəhidlərimizə həsr etdiyi “Allah sizin ruhunuzu şad etsin” adlı şeiri ilə igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıb.                     

Sonra şəhid Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin 8-ci sinif şagirdləri Fatimə Əliyeva Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Azərin Rüstəmova şair, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Şuşanı alan oğullar”, 7-ci sinif şagirdi Zalxa Vəliyeva Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndiriblər.

Sonda bulaq-abidə kompleksinin qarşısında şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş