• Təqvim

  • Maraq



8 Noyabr – Zəfər Günü ərəfəsində Qazaxın Yuxarı Salahlı kəndində Vətən uğrunda canlarından keçən kənd şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksinin açılışı olub


Zaman-zaman şahidi olmuşuq ki, Şəhid olmaq adi ölüm deyil, Vətən, torpaq uğrunda canından keçmək, bu yolda özünü qurban verməkdir. Şəhidlik zirvəsinə ucalmaq ulu babalarımızdan bizə miras qalan torpağa, Vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaqdır. Ən əsası da Şəhid olmaq, Şəhidlik adlı uca məqama yüksəlmək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. 

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazaxda torpaqlarımızın ərazi bütövlüyü uğrunda 344 nəfər igid Vətən oğlu şəhid olub. 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də bunu bir daha sübut etdilər. 44 günlük haqq savaşında Qazaxın 52 nəfər qəhrəman oğlu Vətən, yurd, torpaq naminə canından keçdi. Və bir daha nümayiş etdirdilər ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən Qazaxın qeyrətli oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Qazax rayonunun Yuxarı Salahlı kəndi də hər zaman qeyrətli oğulları ilə tanınıb. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə alıblar. Torpaqlarımızın bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndi 18 nəfər şəhid verib.

Bəli, Yuxarı Salahlının Birinci Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Mahmudov Zahid Alı oğlu, leytenant Vəliyev Musa Rəşid oğlu, gizir Kazımov Arif Nəbi oğlu, əsgər Eminov Amil Şamil oğlu, əsgər Quliyev Mehman Allahverən oğlu, əsgər Vəkilov Zülfüqar Tahir oğlu, Cəfərov Məmmədkərim Sosu oğlu, əsgər Çıraqov Bəhruz Şamxor oğlu, Kərimov Kamal Əşrəf oğlu, əsgər Bəkirov Etibar Mustafa oğlu, Aprel döyüşləri zamanı şəhid olan baş leytenant Namazov Elvin Məmməd oğlu, İyul döyüşləri zamanı şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Bayramlı Elmar İsa oğlu, baş gizir, Hacıyev Teymur Zaur oğlu, əsgər Abdullayev Taleh Temraz oğlu, 2019-cu ildə şəhid olan gizir Abdullayev Hafiz Məhəd oğlu, əsgər Əlləzov Əlləz Ələddin oğlu Əfqanıstan müharibəsi şəhidi əsgər Alıyev Saiq Məhəmməd oğlu kimi qəhrəman övladları olub. Bu gün torpaqlarımızın ərazi bütövlüyünü canlarından üstün tutan bu oğullarla təkcə doğulub boya-başa çatdıqları Yuxarı Salahlı eli deyil, bütöv Azərbaycan fəxr edib, qürur duyur. 

Qazaxda bütün şəhidlərimizin, Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər Yuxarı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də örnək götürülür. Bunun nəticəsidir ki, kənd fəalları və kənd bələdiyyəsi tərəfindən adlarını qeyd etdiyimiz kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə kompleksi inşa olunub. Yuxarı Salahlı kəndinin girişində inşa edilən bu möhtəşəm kompleks şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir. 

8 Noyabr – Zəfər Günü ərəfəsində sözügedən bulaq-abidə kompleksinin açılışı olub.

Noyabrın 4-də baş tutan açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, kompleksdə adları əbədiləşdirilən şəhidlərin ailə üzvləri, həmçinin rayonun Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və əlilləri, ağsaqqallar, ziyalılar, kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər. 

Qəhrəman şəhidlərin xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, abidə önünə tər qərənfillər düzülüb.  


Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının ruhlarına yasin oxuyub, xatirələri ehtiramla yad edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, müharibə əlillərini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Tədbir iştirakçılarına, xüsusilə də şəhid ailələrinə dəvəti qəbul edib şəhidlərin adını əbədiləşdirən bulaq-abidə kompleksinin açılışında iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Bulaq-abidə kompleksinin yaradılmasında əziyyəti olan hər kəsə təşəkkürünü çatdırıb. Kənd fəallarının bu nümunəvi təşəbbüslərini təqdirəlayiq hal hesab edib, şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Yaradılan abidə kompleksinin şəhidlərimizin, Qazaxın, Yuxarı Salahlıların adına layiq inşa edildiyini vurğulayıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması istiqamətində mühüm işlər görüldüyünü bildirib. Bunun əyani sübutu olaraq şəhərin mərkəzində bütün şəhidlərin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanının salınmasını, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini, rayonun kəndlərində, o cümlədən Yuxarı Salahlı kəndində Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasını göstərib. Bu gün kənd fəallarının və kənd bələdiyyəsinin, sakinlərin təşəbbüsü və dəstəyi əsasında inşa edilən abidə kompleksinin həmin işlərin davamı olduğunu qeyd edib. İcra başçısı qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirib. 


Rayon rəhbəri 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə, bu gün qürurla qeyd etdiyimiz Zəfər Gününə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri şəhidlərimizin hər kəsə nümunə olacaq qəhrəmanlıqları ilə adlarını tarixə yazdırdıqlarını söyləyib. Rayon rəhbəri bulaq-abidə kompleksinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulaqların və abidələrin inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən, kompleksin önündən keçən hər kəs şəhidlərin ruhuna dua oxumaqla bərabər, həm də onları tanımış olur.“Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidimizin ailəsi bizim hər birimizin ailəsi, ailə üzvü, doğmasıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulaq-abidə kompleksinin açılışında iştirak edim” - deyən icra başçısı şəhidlərimizin hər zaman hörmət və ehtiramla anılacağını bir daha dilə gətirib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. 


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək şəhid ailələrini və qaziləri, tədbir iştirakçılarını salamlayıb, şanlı Zəfər bayramı münasibətilə səmimi təbriklərini bölüşüb. “Yuxarı Salahlı kəndinə, bu kəndin sakinlərinə hər zaman böyük hörmətim olub. Bu kənddə olarkən hər zaman qürurlanmışam. Bu gün bu abidə kompleksinin açılışı ilə bir daha sübut etdiniz ki, doğurdan da sizlərlə qürurlanmaq, fəxr etmək olar. Hər zaman olduğu kimi, bu gün də nümunə göstərdiniz. Bu abidə kompleksi bizə, bizdən çox balalarımıza lazımdır. Qarşısında dayandığımız bu kompleks bizim and yerimizdir”, - deyən millət vəkili görülən nümunəvi işə görə əziyyəti keçən hər kəsə razılığını ifadə edib. 


Kənd ağsaqqalı, qazi atası Osman Mustafayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, açılışı olan kompleksin ərsəyə gəlməsində əməyi keçənlərə, Salahlı Xeyriyyə Cəmiyyətinin fəal üzvlərinə minnətdarlığını bildirib. Zəfər Günü ərəfəsində açılışı olan bulaq-abidə kompleksinin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük töhfə olacağını, kənd sakinlərinin, eləcə də  şəhidlərə ehtiram göstərən hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevriləcəyini bildirib. 


Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı və tədbirə toplaşanları Zəfər bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. B.Vüsal bu gün qürurla qeyd etdiyimiz Zəfər Gününü bizlərə bəxş edən şəhidlərimizlə yanaşı, onları böyüdən şəhid ataları, analarının da qəhrəman olduqlarını bildirib. Xalq olaraq şəhidlərimizə və onların ailələrinə borclu olduğumuzu söyləyib. “Yol üstə toy” şeiri ilə şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb. 

Qazax Rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev çıxış edərək bu gün rayonda, eləcə də Yuxarı Salahlı kəndində əlamətdar günlərdən biri olduğunu, Zəfər Günü ərəfəsində xoş anların yaşandığını qeyd edib. Fəxrlə, qürurla qeyd etdiyimiz Zəfər Gününə görə Ali baş Komandana, Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu vurğulayıb.     

Sonra şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 9-cu sinif şagirdləri Gülşən Ənsəryeva Elvin Elxanoğlunun “Qarabağ artıq azaddır”Xatirə Mehdiyeva Nicat İsmayılovun “Zəfər Günü” şeirlərini söyləyiblər. 

Məktəblilərin ifasında “Halaldı Ali Baş Komandana, halaldı azad Azərbaycana” mahnısı sazın müşayəti ilə təqdim olunub.

Sonda bulaq-abidə kompleksinin qarşısında şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş