Millət vəkili Səməd Seyidov Qazaxda beş kənddə olub, sakinlərlə görüşüb
Sentyabrın 28-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb.
Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə əvvəlcə rayonun sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində olub, sakinlərin müraciətlərini dinləyib.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində bir yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin sərhəd kəndlərinə xüsusi qayğı ilə yanaşmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb.
Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində olan görüşdə hər üç kənddə sakinlərin elektrik sayğaclarının abonent kodlarında yazılmış köhnə borcların silinməsinə köməklik göstərilməsi, içməli su probleminin həll olunması, Quşçu Ayrım kəndində kəndarası yolların və kənd qəbiristanlığına gedən yolun çınqıllanması ilə bağlı müracətləri dinlənilib. Sakinlərin borcla bağlı məsələsinin araşdırılması və lazımi addımların atılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verildiyi, nəzarətə götürüldüyü bildirilib. Yolla bağlı məsələnin həlli üçün isə elə yerindəcə rayon rəhbərliyi tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Millət vəkilinin növbəti görüşləri rayonun Hüseynbəyli və Birinci Şıxlı kəndlərində olub. Bu görüşlərdə də sakinlərin müraciətlərinə baxılıb. Birinci Şıxlı kəndində sakinlər kənd tam orta məktəbin qəzalı vəziyyətdə olmasından narahat olduqlarını bildirib və məsələnin həlli istiqamətində köməklik göstərilməsini xahiş ediblər. Sakinlərin qaldırdıqları məsələ ilə bağlı dərhal aidiyyəti orqanlara məlumat verilib.
Millət vəkili ilə səmimi söhbət edən kənd sakinləri dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.
Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və millət vəkilinin köməkçisi Akif Əmirov da iştirak ediblər.
Quşçu Ayrım kəndində olan görüşdən
Məzəm kəndində olan görüşdən
Fərəhli kəndində olan görüşdən
Hüseynbəyli kəndində olan görüşdən
Birinci Şıxlı kəndində olan görüşdən
Şəhər sakinləri ilə görüşdən
GOYEZEN.AZ
Facebook-da paylaş