• Təqvim

  • Maraq



Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Bala Çaylı kəndində olub


Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır. Bu, ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə də aydın şəkildə görünür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə keçirilən səyyar qəbulların yenidən bərpa olunması da bu məqsədə xidmət edir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub. 

Sentyabrın 1-də Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

İcra başçısı ötən müddət ərzində Bala Çaylı kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, bugünkü görüşün də bu amala xidmət etdiyini qeyd edib. 

Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən 2 il ötməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını bildirib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan iki nəfərinin Bala Çaylı kəndindən olduğunu bildirib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Məmmədov Səbuhi Hümbət oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Məmmədov Əvəz Elnur oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində Bala Çaylı kəndindən 26 nəfərin iştirak etdiyini, onlardan 17 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Vətən müharibəsində iştirak edən və bu gün də torpaqlarımızın keşiyində dayanan kəndin qeyrətli, vətənpərvər oğlu Nicad Bədəlovun Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Bala Çaylı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Bala Çaylı kəndində əkin sahəsinin 300 hektardan 385 hektara çatdırıldığını söyləyib. 


Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğıdan da söz açıb. Həmin qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq son illər Qazaxda 11 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını qeyd edib. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini həmin qayğının davamı kimi göstərib. Rayon rəhbəri məktəblilərin onlara olan qayğını əldə etdikləri nailiyyətlərlə doğrultduqlarını qeyd edib. Bu il Bala Çaylı kənd tam orta məktəbi bitirən və qəbul imtahanlarında iştirak edən 5 nəfər məzundan 4 nəfərin ali məktəblərə qəbul olunduqlarını vurğulayıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. 

Son illər şəhərdə, eləcə də kəndlərdə görülmüş işlərdən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğunu, şəhərdə çoxmənzilli yaşayış binalarında abadlıq işlərinin aparıldığını, binaların dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu qeyd edib. 


Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Kəndarası yolların asfaltlanmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bala Çaylı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, ilkin olaraq kənddə qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsini bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. 

İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan barədə gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.

Sonra sakinləri narahat edən məsələlər dinlənilib. Sakinlərdən Bənnayeva Cəvahir Fərrux qızının 3 km uzunluğunda kənddaxili yolun asfaltlanması, Süleymanov Qeys Natiq oğlunun, Bənnayev Elşad Yolçu oğlunun işlə təmin olunmalarına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. 

GOYEZEN.AZ



Facebook-da paylaş