Prezident İlham Əliyev: “Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib”
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Bu, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir.
Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı söylədiyi fikirlər bir daha sübut etdi ki, vətəndaş məmnunluğu dövlət siyasətinin ana xəttini təşkil edir.
Dövlət başçısı çıxışı zamanı qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələrindən də danışıb. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldüyünü, böyük infrastruktur layihələrin icra edildiyini və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığını bildirib.
Ölkə başçısı rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verən elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələrinin icra olunduğunu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblərin inşa edildiyini vurğulayıb.
İnfrastruktur layihələrin davamlı icra olunduğunu qeyd edən ölkə rəhbəri bildirib ki, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb.
Dövlət başçısının çıxışında yeni iş yerlərinin yaradılması ilə bağlı söylədikləri bir daha onu göstərir ki, bu sahə xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısının da qeyd etdiyi kimi, yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.
Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısının da vurğuladığı kimi, ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Ölkə rəhbəri çıxışında dövlət məmurlarının fəaliyyəti haqqında da danışıb. Bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini, bəzilərinin hökmünün verildiyini, bəzilərinin işlərinin məhkəmədə olduğunu söyləyib. Ölkə rəhbərinin də dediyi kimi, bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.
Ölkə Prezidenti bildirib ki, icra başçıları daim insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Bundan əlavə, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə qayğı göstərmək, diqqət ayırmaq hər birimizin borcudur. Ölkə başçısı bunu çıxışında bir daha vurğulayıb. Bildirib ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.
Dövlət başçısının da söylədiyi kimi, heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.
Dövlət başçısı bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblərin irəli sürüldüyünü də vurğulayıb. Qeyd edib ki, icra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir, bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.
Dövlət başçısı son illər Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonalarının, otel komplekslərinin inşa edildiyini qeyd edib. Buna baxmayaraq bu prosesin daha geniş vüsət almalı olduğunu söyləyib. Bildirib ki, bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.
Ölkə başçısı bildirib ki, vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin, Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var.
Dövlət başçısı hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanların olduğunu da söyləyib. Hər üç rayonda görülməsi nəzərdə tutulan işləri qeyd edən ölkə başçısı bildirib ki, burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.
Ölkə başçısı bildirib ki, torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var.
Ölkə rəhbəri vurğulayıb ki, idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər.
Ölkə başçısı çıxışında bir daha vurğulayıb ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.
Ölkə Prezidenti qeyd edib ki, görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq.
Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir.
Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır. Burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, həm də turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox.
Ölkə başçısı onu da qeyd edib ki, rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir.
Dövlət başçısının da qeyd etdiyi kimi, biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri.
Bu gün qalib ölkənin vətəndaşları olaraq əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf etdirilir. Azərbaycan qalib ölkə kimi bütün dünyada söz sahibinə çevrilir.
GOYEZEN.AZ
Facebook-da paylaş