İcra başçısı və qonaqlar əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərlə tanış olublar
Artıq xeyli vaxtdır ki, ADA Universitetinin "Bir
müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının
tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA
Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən
Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və
tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma
işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən
tarixi binaya yeni görkəm verilir. Bu gün qürurla qeyd edə bilərik ki, ADA
Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində
tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa
etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, həm də tarixi bina
kimi gələcək nəsillərə ötürülməsinə bir ərmağan olacaq. Firudin bəy Köçərlinin
misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya
binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan
aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı
daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata
keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz
burada yazılacaq. İyulun 7-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Xalq yazıçısı
İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə birlikdə Qazax Müəllimlər Seminariyasında olub,
binanın təmiri ilə bağlı görülmüş işlərlə yaxından maraqlanıb. Elçin Şıxlı ADA Universitetinin "Bir müəllimin
manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi
binasını əsaslı şəkildə yenidən qurmasını ziyalı olaraq yüksək dəyərləndirib. Gələcəyimiz
olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu söyləyib. Tarixi
bina olan Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının
hər bir qazaxlı, ziyalı tərəfindən razılıqla qarşılandığını qeyd edərək bu
nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və
əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu
vurğulayıb. Seminariyanın tikinti sahəsinin rəisi
Muxtar Həmidov rayon rəhbərinə və qonağa görülmüş işlər barədə ətraflı məlumat
verərək bütün işlərin sürətlə davam etdirildiyini bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş