Qazaxda daha bir icra nümayəndəsi tutduğu vəzifədən azad edilib
Ötən gün, iyunun 18-də Qazax rayonunun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsi, toyun rayon polis əməkdaşları tərəfindən dayandırılması, qurulmuş çadırın sökülməsi barədə məlumat vermişdik.
Toy sahibi Daş Salahlı kənd sakini Vanoy Nəsibova gəlininin nikah yaşı tamam olmadığı üçün toy mərasimi keçirə bilməyəcəyi izah olunmuş, toy edəcəyi təqdirdə övladının qanun qarşısında cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilmişdi.
Araşdırma zamanı Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Hüseynli Tahir Namiq oğlunun toyun keçirilməsi barədə aidiyyəti üzrə vaxtında məlumat vermədiyi məlum olub. Bu səbəbdən T.Hüseynli tutduğu vəzifədən azad edilib.
Onu da qeyd edək ki, Qazaxda rayonun hüquq-mühafizə orqanları və Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, erkən nikahın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş