• Təqvim

  • Maraq



Qazaxda yas mərasimi təşkil edən şəxs cərimə olunub


Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Daxilində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirirlər

Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün keçirilən reydlər zamanı kafe və restoranlarda vətəndaşların kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, eləcə də rayon ərazisində yas mərasimlərinin təşkil olunmasının qarşısı birmənalı şəkildə alınır.

Bu gün keçirilən növbəti reyd zamanı koronavirus (COVID-19) infeksiyasından vəfat etmiş, rayonun Aşağı Əskipara kənd sakini Məmmədov Məhəmməd Mustafa oğlunun yaxın qohumları tərəfindən Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində 24 mənzilli binada keçirilən üç mərasimi dayandırılıb.

Qazax RİH başçısı aparatında şöbə müdirləri Adil Vəliyevin, İlyaz İsmayılovun, şöbə müdirinin müavini Azad Hümbətovun, Qazax Rayon Polis Şöbəsində rəis müavini Şakir Rüstəmovun və digər polis əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı yas mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Baxış zamanı məlum olub ki, mərhuma ehsan verilməsi üçün binanın qarşısında hər biri 10 nəfərlik 6 masa təşkil olunub və mərasimdə 40 nəfər şəxs iştirak edib.

Qeyd edək ki, yas mərasimini təşkil edən mərhumun oğlu Məmmədov Ədalət Məhəmməd oğlu Qazax Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunub. Qazax RİH başçısının Aşağı Əskipara kənd İƏD-si üzrə nümayəndəsi İlqar İsayev isə yas mərasimində iştirak edənlərin sayı barədə məlumatları aidiyyəti üzrə düzgün təqdim etmədiyinə görə tutduğu vəzifədən azad edilib. 

Mərasimdə iştirak edən digər vətəndaşlara isə karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.



 

GOYEZEN.AZ



Facebook-da paylaş