Qazaxda icra başçısı səhiyyə sahəsində çalışan bir qrup tibb işçisini peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib
İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri dayanır. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində vicdanla dayanan minlərlə səhiyyə işçisi vardır.
İyunun 17-si Azərbaycanda ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı qeyd olunub.
İyunun 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonumuzda qonaq olan "Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidentləri Xəyyam Nəsibov, Camaləddin İsmayılov, AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik təhqiqat şöbəsinin müdiri Namiq Hüseynovla birlikdə Qazax Müalicə Diaqnostika Mərkəzində olub, burada çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib.
Bu əlamətdar gündə Mərkəzdə çalışan bir qrup tibb işçisi 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, o cümlədən COVID-19 infeksiyasına qarşı vaksinləşmə prosesində fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif ediliblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək rayonda çalışan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
Ölkə Prezidenti İlham Əliyevin səhiyyə sahəsində çalışan insanlara verdiyi qiymət və dəyərdən söz açan icra başçısı hər il onlara fəxri adların, medalların verilməsi ilə bağlı imzalanan Sərəncamları qeyd edib. Rayon rəhbəri ölkə başçısının iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladığını, həmin Sərəncamla uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Qazaxmızın dəyərli həkimi Novruzov Əşrəf Murad oğlunun da təltif olunanlar sırasında olduğunu diqqətə çatdırıb. Ölkə başçısının bu addımını Əşrəf həkimin timsalında Qazax səhiyyəsində çalışan tibb işçilərinə göstərilən qayğı, verilən dəyər kimi qiymətləndirib. Ölkə Prezidentinə səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğıya görə qazaxlı səhiyyə işçiləri adından minnətdarlığını bildirib.
Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəyə – yeni xəstəxananın istifadəyə verilməsinə görə bu gün də minnətdarlıq edir. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.
İcra başçısı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən danışan icra başçısı bu işin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. İcra başçısı bu uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin böyük rolu olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan icra başçısı bizlərə qələbəni bəxş edən qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini, 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu qeyd edib. İcra başçısı yeni növ koronavirus pandemiyası ilə yanaşı, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini bildirib. Rayon rəhbəri çıxışının sonunda sağlamlığımızın keşiyində dayanan tibb işçilərini bir daha təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
"Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi şəxsin direktoru Kamandar İbrahimov çıxış edərək peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə Qazaxda çalışan bütün tibb işçiləri və rəhbərlik etdiyi kollektiv adından öz dərin minnətdarlığını bildirib. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan səhiyyəsinin onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlər qazandığını qeyd edib. Hər il müasir standartlara cavab verən səhiyyə ocaqlarının, xəstəxanaların tikilərək istifadəyə verilməsini bu sahədə olan inkişafın bariz nümunəsi kimi qiymətləndirib. K.İbrahimov rəhbərlik etdiyi Qazax Müalicə Diaqnostika Mərkəzinin kollektivinə göstərilən diqqətə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. İstər adi günlərdə, istərsə də pandemiya dövründə Mərkəzin kollektivinə verdiyi dəstəyə görə razılığını ifadə edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.
"Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi şəxsdə Dializ şöbəsinin müdiri İlqar Qasımov çıxış edərək öz növbəsində tədbir iştirakçılarını salamlayıb, həmkarlarını əlamətdar gün münasibətilə təbrik edib. Fəaliyyətə başladığı ilk gündən səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara ayırdığı diqqətə, göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edib. Bugünkü görüşü və təbriki həmin qayğının bariz nümunəsi kimi dəyərləndirib.
"Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov çıxış edərək əlamətdar gün münasibətilə səhiyyə işçilərinə təbriklərini çatdırıb, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.
Sonra "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi şəxsin direktoru İbrahimov Kamandar Həsən oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Xəstə xidmətləri şöbəsinin müdiri Məmmədov Hacıalı Ramiz oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin həkim qastroenteroloqu Məmmədov Razim Ukrayna oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Dializ şöbəsinin müdiri Qasımov İlqar Hətəm oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin böyük tibb bacısı Budaqova Səbinə Şahmar qızına, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin tibb bacısı Şəmmədova Maya Əli qızına 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, o cümlədən COVID-19 infeksiyasına qarşı vaksinləşmə prosesində fəal iştirak etdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş