Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün
dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və
diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu
Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən,
onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin
sevincini yaşadan mübarək aylardandır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin
və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol
oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən
xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub
saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi
uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba
yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət
yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək
bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət,
ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm. Əziz bacı və qardaşlarım! On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları
və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və
tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və
şəfqətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır,
ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu
qəbul etsin. Bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti Bakı şəhəri,
29 aprel 2022-ci il
Facebook-da paylaş