Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək
Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və
diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə
göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət
edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti
qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar. Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir
şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız
qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək
məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da
daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm
ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca
tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə
qoyacaqdır. Əziz bacı və qardaşlarım! Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan
ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram
günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara
qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm. Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər
birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə
xeyir-bərəkət arzulayıram. Ramazan bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti Bakı şəhəri, 22 may 2020-ci il.
Facebook-da paylaş