Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər! Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən
təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm
etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan
Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu
mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini
ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və
mərhəmət duyğularının sevincini yaşayır. Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan
Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq
şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu
nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə
qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik
birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim
sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol
oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din
münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun
təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət
siyasətimizin əsas prioritetlərindəndir. Əziz bacı və qardaşlarım! Xalqımızın birliyini daha da gücləndirən,
mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində
ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır,
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman
Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən
xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə,
qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir. Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan
bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik,
süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul
etsin! Ramazan bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti Bakı şəhəri,
11 may 2021-ci il
Facebook-da paylaş