Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nəcib və insanpərvər Azərbaycan qadını” mövzusunda tədbir keçirilib
Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub. Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax
Rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı
ilə Azərbaycanın görkəmli oftalmoloqu, peşəkar həkim Zərifə xanım Əliyevanın
anadan olmasının 99-cu ildönümü ilə əlaqədar"Nəcib və insanpərvər Azərbaycan
qadını” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya
Həsənova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru
Sevda Məmmədova, xəstəxananın oftalmoloqları, səhiyyə işçiləri və Mərkəzin
əməkdaşları iştirak ediblər. Tədbir akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür
yolundan bəhs edən filmin nümayişi ilə başlayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və Humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış
edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
G.Həsənova Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan Zərifə
xanım Əliyevanın zəriflik, gözəllik, nəciblik, humanistlik kimi keyfiyyətlərə
malik olduğunu vurğulayıb. Akademik Zərifə Əliyevanın oftalmologiya elminin
inkişafı yolunda səmərəli xidmətlər göstərdiyini, bu sahədə olan inkişafın,
yeniliklərin Zərifə xanımın adı ilə bağlı olduğunu söyləyib. Müavin G.Həsənova Zərifə
xanım Əliyevanın eyni zamanda Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə
addımlayan, onun qayğısına qalan, çətin günlərdə ona arxa-dayaq olan və bu yükü
kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyan zərif bir ailə
başçısı olduğunu vurğulayıb. Zərifə xanımın həm də İlham Əliyev kimi Müzəffər
Ali Baş Komandan, qalib lider yetişdirən bir ana kimi bütün analara örnək və
nümunə olduğunu bildirib. İllər ötsə belə Zərifə xanımın oftalmologiya elminin
inkişafı istiqamətində gördüyü işlərin daim xatırlanacağını və sonsuz
minnətdarlıqla qarşılanacağını qeyd edib. Sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqları Rəqiyyə İsmayılova, Rahilə Əhmədova, Məlahət Mustafayeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın tibb sahəsində
əldə etdiyi nailiyyətlərdən, elmi pedaqoji və nəsillərə örnək olan fəaliyyətindən
danışıblar. Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, insanları zülmətdən
qoparıb nura qovuşduran Zərifə xanım bizdən ayrılsa da qoyub getdiyi yadigar
işıq öz aydınlığını bircə damla belə azaltmayıb. Bu işıq hər an bizimlədir. Bizə
yol göstərir, şöləsinə üz tutur, istisinə isinirik.
GOYEZEN.AZ
Facebook-da paylaş