Teymur Əmiraslan oğlu Bünyadov
Azərbaycan elmi
ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix
elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin
8-də ömrünün 94-cü ilində vəfat etmişdir. Teymur
Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış, 1951-ci ildə isə
SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına
daxil olmuş və burada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Teymur
Bünyadov 1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda
elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1993-cü
ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunda tarixi etnoqrafiya şöbəsinin müdiri olmuşdur. Teymur
Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və
etnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru alimlik
dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür. O,
1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik
Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya
elminin inkişafına sanballı töhfələr vermişdir. Geniş elmi maraq dairəsi olan
alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim
dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox kitab və
monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin Azərbaycanda əkinçilik
ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq
məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla
qarşılanmış və lazımınca dəyərləndirilmişdir. Azərbaycanın etnoqrafiyasına dair
fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə işıq
üzü görmüşdür. Teymur
Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir. O,
elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək, uzun
illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Teymur
Bünyadov bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə
Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir. O,
eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni
irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər
göstərmişdir. Teymur
Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak etmiş, fəal
ictimai işlə məşğul olmuşdur. O, birinci çağırış Azərbaycan Respublikası Milli
Məclisinin deputatı seçilmişdir. Akademik
Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, müstəqil Azərbaycan
Respublikasının ali mükafatlarından olan "Şöhrət” və "Şərəf” ordenləri ilə
təltif edilmişdir. Görkəmli
alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır. Allah
rəhmət eləsin! İlham Əliyev Mehriban
Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Eldar Əzizov Fərəh Əliyeva Emin Əmrullayev Arif Həşimov İsa Həbibbəyli Nailə Vəlixanlı Yaqub
Mahmudov
Facebook-da paylaş