BDU Qazax filialının direktoru dünyasını dəyişib
Əməkdar
elm xadimi, professor, coğrafiya elmləri doktoru Əfəndiyev Vüsət Əmir oğlu 3
iyun 1953-cü ildə Tovuz rayonunda anadan olmuşdur.
1960-1970-ci illərdə Ağstafa şəhər orta məktəbində təhsil almışdır. 1977-ci
ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini
bitirmişdir. 1977-ci ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya
institutunda təbiət mühafizə şöbəsinə baş laborant, 1978-ci ildə kiçik elmi
işçi, 1979–cu ildə Azərbaycan Dövlət Universitetinin SSRİ–in iqtisadi
coğrafiyası kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1986–cı ildə baş
müəllim vəzifəsinə, 1987-ci ildə isə dosent vəzifəsinə seçilmiş və dosent elmi
adına layiq görülmüşdür. 1987-ci ildə geologiya–coğrafiya fakültəsinin dekan
müavini vəzifəsinə təyin edilmiş, 1991–ci ildə yeni təşkil edilmiş coğrafiya
fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 1999–cu ildə BDU–nun qiyabi və
axşam şöbələri üzrə prorektor vəzifəsinə təyin edilmiş, 2004–2011-ci illərdə
tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır. 2007-ci
ildən "Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının
müdiri vəzifəsində çalışmışdır. 2015-ci ildə BDU-nun Əlavə Təhsil Mərkəzinin
direktoru, 2016-cı ildən isə BDU-nun Qazax filialının direktoru vəzifəsinə
təyin edilmişdir. 1985–ci
ildə namizədlik "Bakı aqlomerasiyasının xarici zonasının ərazi təşkili”,
2004–cü ildə doktorluq "Azərbaycanda urbanizasiyanın iqtisadi coğrafi
problemləri” dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə professor elmi
adını almışdır. 2006–cı
ildən AMEA Coğrafiya İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının, BDU–nun
Böyük Elmi Şurasının, Bakı Universitetinin "Xəbərləri” məcmuəsinin Baş
Redaksiya Şurasının, Azərbaycan Təhsil Nazirliyinin elmi metodik şurasının
coğrafiya bölməsinin üzvü olmuşdur. 1994 və
2000-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanına layiq
görülmüşdür. 1998-ci ildə Akademik Həsən Əliyev adına müsabiqənin laureatı
olmuşdur. 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi”, 2009-cu
ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar elm
xadimi” fəxri adını almışdır. Professor V.Ə.Əfəndiyev 6
monoqrafiyanın, ali və orta təhsil müəssisələri üçün Azərbaycan və rus
dillərində 13 dərslik və dərs vəsaitinin, 5 xəritənin, 200-ə yaxın elmi məqalə
və tezis, 6 metodik göstərişin və 25 proqramın müəllifidir. V.Ə.Əfəndiyevin
rəhbərliyi ilə 6 nəfər coğrafiya elmləri üzrə fəlsəfə doktorluğunu müdafiə
etmişdir. Əməkdar
elm xadimi, professor, coğrafiya elmləri doktoru Əfəndiyev Vüsət Əmir oğlu
11 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Allah rəhmət eləsin! GOYEZEN.AZ
Facebook-da paylaş