Akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn edilib
Görkəmli tarixçi-etnoqraf alim,
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya
İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, "Şöhrət” və "Şərəf” ordenləri
laureatı, akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn edilib. Vida
mərasimində akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri,
Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri və mərhumun ailə
üzvləri iştirak ediblər. Alimin məzarı
önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın adından əklil qoyulmuşdu. Vida
mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov,
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa
Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Səməd
Seyidov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş
direktoru professor Abbas Seyidov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə
Heyətinin sədri professor İlham Pirməmmədov akademik Teymur Bünyadovun
Azərbaycan elminə töhfələrindən, elmi-pedaqoji və ictimai fəaliyyətindən
danışıblar. Vurğulanıb ki,
Teymur Bünyadov respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində tarix
elmləri doktoru dərəcəsini almış ilk alim olub. Onun fəaliyyəti daha çox
Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı
35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən xarici ölkələrdə
(Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifi
idi. Mərhumun
ailəsi adından çıxış edən Bakı Slavyan Universitetinin kafedra müdiri dosent
Əsgər Əhməd akademik Teymur Bünyadovun xatirəsinə göstərilən hörmət və ehtirama
görə dərin minnətdarlığını bildirib. Teymur
Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub,
orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət
Universitetinin Tarix fakültəsinə qəbul olub. Moskvada SSRİ Elmlər
Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasında təhsil
alıb, dünyaşöhrətli qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi ilə "Tunc
dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda namizədlik dissertasiyası
müdafiə edib. 1955-ci ilin may ayında Azərbaycan EA Tarix
İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin ildən onun bütün həyatı və elmi
fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və
Etnoqrafiya İnstitutu ilə bağlı olub. Alim 1968-ci
ildə "Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda
doktorluq dissertasiyası müdafiə edib, 1970-ci ildə professor elmi adına layiq
görülüb. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın
həqiqi üzvü seçilib. O, elmi və
bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərib.
Uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universitetində, Bakı Slavyan Universitetində "Azərbaycan tarixi”, "Qədim dünya
tarixi” və "Arxeologiya” fənlərindən dərs deyib. Teymur
Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edib. 1995-ci ildə I
çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, həmin
müddətdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri
olub. Akademikin
səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək
qiymətləndirilib, o, 2008-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb,
2005-ci ildə "Şöhrət” ordeni, 2018-ci ildə isə "Şərəf” ordeni ilə təltif
edilib.
Facebook-da paylaş