• Təqvim

  • Maraq



Qazaxda aktiv koronavirus xəstələrinə edilən zəngin məqsədi vətəndaşlara göstərilən qayğıdır


Bu gün təəssüf hissi ilə qeyd edə bilərik ki, son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında mənfi tendensiya müşahidə olunur. Belə ki, COVID-19-a yoluxanların sayı həmin xəstəlikdən sağalanların sayını üstələyir. Son statistikaya görə, artıq yoluxma sayı dördrəqəmli ədədlərlə ifadə olunur. Belə ki, fevralın 9-da COVID-19-a 7779 yeni yoluxma faktı qeydə alınıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam etdirilir. Pandemiya ilə mübarizədə ən effektiv vasitənin vaksinasiya olduğunu nəzərə alan dövlətimiz ilk gündən bu sahədə məqsədyönlü işlər görür. Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da qorxulu pandemiyadan yeganə xilas yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə aparılan işlər daim diqqətdə saxlanılır. Son günlər yoluxma sayında olan artım da bir daha onu söyləməyə əsas verir ki, bu bəladan xilas olmağın tək və yeganə yolu məhz vaksinasiya olunmaqdır. Vaksinləşmənin əsas məqsədi də ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazaxda da əhalinin peyvənd olunması prosesi uğurla aparılır.

Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri aparılaraq bildirilir ki, əhalinin peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Qazaxda rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 165 min 496 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 61 min 758, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 58 min 673, buster doza üzrə peyvənd olunanların sayı isə 45 min 065 nəfərdir. Bu gün Qazax rayonu respublikada hər üç dozanın faiz göstəricisinə görə öncül yerlərdə dayanır.

Onu da qeyd edək ki, 9 fevral tarixinə rayonda 162 nəfər aktiv koronavirus xəstəsi var. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bu sahədə də özünü göstərir. Ölkə rəhbərliyinin qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyəti koronavirus xəstələrini karantin müddətində daim diqqətdə saxlayır. Xəstələrə ilkin tibbi yardımın göstərilməsi, onların vaxtlı-vaxtında dərman preparatları ilə təmin olunması, Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən xəstələrin yaşadıqları evin dərhal dezinfeksiya olunması istiqamətində zəruri işlər görülür. Rayon rəhbərliyi tərəfindən görülmüş işlər bununla da bitmir. Xəstələrin mövcud vəziyyəti, karantin müddətində hər hansı bir çətinliklərinin, qayğılarının olub-olmaması da elə ilk gündən nəzarətə götürülür. Belə ki, Rayon İcra Hakimiyyəti başçısı aparatında bu sahə ilə bağlı yaradılmış Operativ Qərargahın üzvü, RİH başçısı aparatında aparıcı məsləhətçi Kəmalə Cəfərova hər gün xəstələrlə telefon əlaqəsi saxlayır, onları narahat edən məsələləri, qayğıları dinləyir. Ehtiyac yarandıqda isə lazımi köməkliklər edilir. İstər dərman preparatlarının çatdırılmasında, istərsə də vəziyyəti pisləşən xəstələrin xəstəxanaya yerləşdirilməsində dərhal lazımi addımlar atılır, qaldırılan məsələlər müsbət həllini tapır.

Ölkə Prezidenti, Birinci vitse-prezident, eləcə də rayon rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət, qayğı zəng edilən xəstələr tərəfindən də razılıqla qarşılanır. Onlara edilən zəngin arxasında vətəndaşlara olan dövlət qayğısının dayandığını vurğulayırlar.


Məcburi köçkün, Qarabağ müharibəsi veteranı Yunisov Hüseyn Yaqub oğlu da koronavirusa qarşı testi pozitiv çıxan aktiv koronavirus xəstələrindəndir və ilk gündən ona göstərilən qayğıdan razılıq edir. Hüseyn Yunisovun minnətdarlıq dolu həmin fikirlərini təqdim edirik:

- "Fevral ayının 3-də səhhətimdə narahatlıq hiss etdim və təcili tibbi yardıma müraciət etdim. Analiz götürüldü və koronavirusa qarşı testin nəticəsi pozitiv çıxdı. İlk gündən dövlətin qayğısını hiss etdim. Dərhal evimiz dezinfeksiya olundu, dərman paketi ilə təmin olundum. Mən bir qazi kimi dövlətin, ölkə başçısının, eləcə də rayon rəhbərliyinin qayğısını hər zaman hiss etmişəm. Xəstə olduğum müddətdə də bir daha bunun şahidi oldum. Xəstə olduğumu öyrəndiyim günün səhərisi Qazax Rayon İcra Hakimiyyətindən edilən zəngdə, Kəmalə xanımın mənə və ailə üzvlərimə olan səmimi müasibətində dövlətin qayğısını gördüm. Onun hər gün mənimlə, eləcə də digər xəstələrlə əlaqə saxlaması, qayğılarımızla maraqlanması bir daha onu göstərir ki, biz vətəndaşlar tək deyilik. Bu gün mən bir qazi olaraq, ölkə vətəndaşı olaraq ölkə Prezidentim İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, əməkdaşlarına, Qazax səhiyyəsinə minnətdaram ki, biz sakinlərə bu cür diqqət və qayğı göstərirlər. Dövlət hər zaman olduğu kimi, bu gün də bizim yanımızdadır”. 

GOYEZEN.AZ



Facebook-da paylaş