Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib. Birinci vitse-prezidentin bununla bağlı rəsmi "İnstagram”səhifəsində etdiyi paylaşımda deyilir: "Hörmətli cənab Prezident! Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə
dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və
birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər
bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin
etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır! Böyük işlər
bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və
çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu
şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə
başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını
təmin etdiniz. Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın
etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu
dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər
ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə
üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi
itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın
yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu. Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız.
Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və
qazanacağınız qələbələrin mənbəyidir. Sizə ən səmimi təşəkkürlər! İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan
xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini
diləyirəm. Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ
Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var. Tanrı Sizə
güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda
qorusun! Biz Sizinlə
fəxr edir və Sizi çox sevirik! Mehriban Əliyeva”.
Facebook-da paylaş