Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı
Respublika mətbuatı Qazax haqqında Qazax rayonunun Qarapapaq
kəndində şəhid baş leytenant Xaliddin Nəsibovun ildönümü mərasimi olub. Tədbir iştirakçıları əllərində üçrəngli Azərbaycan
bayraqları tutaraq "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları
səsləndirib, şəhidin evindən kənd qəbiristanlığınadək yürüş ediblər. Şəhidin
məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra şəhidin evində Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, "Tərəqqi" medalı və "Qızıl
qələm" mükafatı laureatı, şair-publisist Elçin İsmayılın müəllifi olduğu
"Yarımçıq qalmış şeir dəftəri" kitabının təqdimatı keçirilib. Kitab Prezident İlham Əliyevin sərəncamları ilə
ölümündən sonra "Azərbaycan
Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin alınmasına
görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Nəsibov
Xaliddin Vaqif oğluna həsr olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid Xaliddin Nəsibovun Vətən müharibəsində
göstərdiyi qəhrəmanlıqdan söz açıb, onun igidliyinin dövlət tərəfindən yüksək
qiymətləndirildiyini qeyd edib. X.Nəsibovun təltif olunduğu "Xocavəndin
alınmasına görə" medalını şəhidin atası Vaqif Nəsibova təqdim
edib. Şair-publisist Elçin İsmayıl
mərasimdə çıxış edərək sayca 12-ci olan kitabının Qazax Rayon İcra
Hakimiyyətinin dəstəyi ilə yazılmasından, şəhidin keçdiyi döyüş və ömür
yolundan danışıb. Eyni zamanda, X.Nəsibovun istedadlı bir gənc şair kimi
yazdığı döyüşkən ruhlu şeirləri bir şair-publisist kimi onun diqqətini özünə
cəlb etdiyini bildirib. Torpaqlarımız işğal altında olduğu üçün X.Nəsibov
qələmi silahla əvəz edib, döyüşlərdə öz sözünü deyib. E.İsmayıl çıxışının
sonunda X.Nəsibovun yadigar qalmış şeir dəftərini və müəllifi olduğu kitabı
şəhidin atasına təqdim edib. Sonra Qazax Dövlət Dram Teatrının
aktyorları kitabdan bədii hissələr səsləndirib, Xaliddinin yazdığı və Xaliddinə
həsr olunmuş şeirləri səsləndiriblər. Mərasimin sonunda şəhidin atası
Vaqif Nəsibov çıxış edərək rayon rəhbərliyinə və kitabın müəllifinə
göstərdikləri diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib. Vəli VƏLİYEV, "Respublika" qəzetinin bölgə müxbiri 24 noyabr
2021-ci il
Facebook-da paylaş