Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı

Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı


24-11-2021, 14:38

Respublika mətbuatı Qazax haqqında


Qazax rayonunun Qarapapaq kəndində şəhid baş leytenant Xaliddin Nəsibovun ildönümü mərasimi olub. Tədbir iştirakçıları əllərində üçrəngli Azərbaycan bayraqları tutaraq "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirib, şəhidin evindən kənd qəbiristanlığınadək yürüş ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Sonra şəhidin evində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Tərəqqi" medalı və "Qızıl qələm" mükafatı laureatı, şair-publisist Elçin İsmayılın müəllifi olduğu "Yarımçıq qalmış şeir dəftəri" kitabının təqdimatı keçirilib.

Kitab Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin alınmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Nəsibov Xaliddin Vaqif oğluna həsr olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid Xaliddin Nəsibovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb, onun igidliyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. X.Nəsibovun təltif olunduğu "Xocavəndin alınmasına görə" medalını şəhidin atası Vaqif Nəsibova təqdim edib.

Şair-publisist Elçin İsmayıl mərasimdə çıxış edərək sayca 12-ci olan kitabının Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yazılmasından, şəhidin keçdiyi döyüş və ömür yolundan  danışıb. Eyni zamanda, X.Nəsibovun istedadlı bir gənc şair kimi yazdığı döyüşkən ruhlu şeirləri bir şair-publisist kimi onun diqqətini özünə cəlb etdiyini bildirib. Torpaqlarımız işğal altında olduğu üçün X.Nəsibov qələmi silahla əvəz edib, döyüşlərdə öz sözünü deyib. E.İsmayıl çıxışının sonunda X.Nəsibovun yadigar qalmış şeir dəftərini və müəllifi olduğu kitabı şəhidin atasına təqdim edib.

Sonra Qazax Dövlət Dram Teatrının aktyorları kitabdan bədii hissələr səsləndirib, Xaliddinin yazdığı və Xaliddinə həsr olunmuş şeirləri səsləndiriblər.

Mərasimin sonunda şəhidin atası Vaqif Nəsibov çıxış edərək rayon rəhbərliyinə və kitabın müəllifinə göstərdikləri diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

24 noyabr 2021-ci il


Geri qayıt