Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi leytenant Qismət Həməşəyevin doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər oldu və sonunda Böyük Qələbə qazandı. Cəsur Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin döyüş əzmini, gücünü nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya bir daha anladı və dərk etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var.
44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında pay sahibi olan oğullarımızdan biri də şəhid leytenant Həməşəyev Qismət Oruc oğludur.
Bu gün yaşasaydı 33 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qismət Həməşəyevin doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Bu amili əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.
Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Qismət Həməşəyevin cənnətdəki doğum gününü ailəsi ilə birlikdə qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə şəhidimizin ata ocağında olub.
Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Qismət kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
"Bu gün Qismətin doğum gününü onsuz qeyd etsək də, o, daim bizim qəlbimizdə yaşayır. Qismət Şəhidlik zirvəsinə ucalsa da, yaşadığı qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Qismətin igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnəkdir. Qismət kimi oğullarımızın sayəsində işğal altında olan torpaqlarımız azad olundu və bütün şəhidlərimizin qisası alındı, bu gün onların ruhu şaddır”, - deyən rayon rəhbəri Qismət tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını vurğulayıb.
"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər bir dövlət məmuru, eləcə də hər kəs üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını söyləyib.
Şəhid anası Tamara Həməşəyeva hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Qismətin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid anası oğlu ilə hər zaman fəxr edəcəyini söyləyib.
Leytenant Həməşəyev Qismət Oruc oğlu
Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis olunmuşdur. 2019-cu ildən "AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb edilmiş Qismət Həməşəyev Vətən torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, övladı yoxdur.
Bütün şəhidlərimiz kimi, leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid leytenantımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş