• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin doğum günündə adını əbədiləşdirən bulağın açılışı olub

 

Azərbaycan xalqı bu gün də şanlı Ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. 1 il əvvəl dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də gizir Abdullayev Sərxan Elxan oğludur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Sərxan Abdullayev bu gün yaşasaydı 33 yaşını qeyd edəcəkdi igid Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərxan Abdullayevin doğum gününü ailəsi ilə bərabər yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Bu gün özünü borclu sayan hər kəs həm şəhidimizin, həm də övladı Orxan Abdullayevin doğum gününü, 3 yaşını onlarla birlikdə qeyd edib.

Noyabrın 2-də qəhrəman şəhidimizin doğum günündə şəhərin Əliağa Şıxlinski küçəsində adını əbədiləşdirən bulağın açılışı olub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, şəhər sakinləri iştirak ediblər. 

Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.







Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. "Sərxan Şəhidlik zirvəsinə ucaldığı gündən ikinci doğum günüdür ki, onsuz qeyd edirik. Sərxan hər zaman bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq da”, - deyən icra başçısı Sərxan Abdullayev kimi igid Vətən oğullarının hər birimiz üçün əziz olduğunu bildirib. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, qəhrəman oğullarımızın, bütün şəhidlərimizin, o cümlədən də Sərxanın xatirəsinin daim əziz tutulacağını vurğulayıb.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də başlayan  və 44 gün davam edən Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən də danışıb. 30 illik həsrətdən sonra Sərxan kimi oğullarımızın düşmən tapdağında olan torpaqlarımızı qarış-qarış azad etdiklərini, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin qisaslarını aldıqlarını, onların qanlarını yerdə qoymadıqlarını, döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdıqlarını qeyd edib. Şəhidlik zirvəsinə ucalan Sərxanın döyüş meydanında göstərdiyi igidliyindən danışan icra başçısı illər ötsə belə həmin qəhrəmanlığın dillər əzbəri olacağını söyləyib. İcra başçısı igid Vətən oğlunun döyüş meydanında göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.


Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Sərxanın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

"Bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, şəhid ailələrinə, qazilərimizə qayğı göstərirsə, bu, hər kəs üçün nümunədir. İstər dövlət məmuru olsun, istərsə də vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, onların ailələrinə qayğı ilə yanaşmalıdır”, - deyən icra başçısı şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib. 


Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin vurulduğunu diqqətə çatdırıb. Şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu, bu günlərdə şəhidlərimizin şəkillərinin nümayiş olunacağı monitorun qoyulduğunu söyləyib.

İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizə, onların ailələrinə qayğı göstərməyin, sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin şəhid ailələrinə göstərdikləri qayğının Qazaxda da olduğu kimi davam etdirilməsinə görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidlərimizin, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə çatdırılması, örnək göstərilməsi üçün ümumtəhsil məktəblərində anım tədbirlərinin keçirildiyini, bütün şəhidlərimiz kimi Sərxan Abdullayevin xatirəsinin də yad olunması üçün təhsil aldığı məktəbdə anım tədbirinin təşkil olunduğunu vurğulayıb.


"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə razılığını ifadə edib. Xalqımıza böyük Zəfəri, tarixi Qələbəni bəxş etmək üçün canlarından keçən Sərxan kimi oğullarımızı yad etməyin vətəndaş olaraq hər birimizin borcu olduğunu söyləyib. 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, 44 günlük şanlı Vətən müharibəsi dövründə şəhidlərimiz və qazilərimiz hərb tariximizə qızıl hərflərlə yazılan əsl qəhrəmanlıq nümunəsi göstərdilər. 44 günlük savaşda 30 illik yurd həsrətinə son qoyaraq xalqımızın, bütün şəhidlərimizin intiqamını artıqlaması ilə aldılar. Tək şəhidlərimiz deyil, onları yetişdirən anaların, ataların da qəhrəman olduqularını qeyd edib. Şəhid Sərxanın özünün də dediyi kimi, şəhidlərimiz qisas hissini gələcək nəsillərə saxlamadılar, əksinə bütün şəhidlərimizin qisasını aldılar. Bu gün şəhidlərimizin adlarını əbədiləşdirən bulaqların inşa olunması, abidə komplekslərinin, guşələrin yaradılması, kitabların yazılması onu göstərir ki, şəhidlər unudulmazdır. Onların qəhəmanlığı bir məktəb, hamımız üçün dərsdir. B.Vüsal qeyd edib ki, Vətəni, Qarabağımızı bizlərə qaytaran oğullarımızı yaşatmaq, gələcək nəsillərə tanıtmaq vətəndaş olaraq hər birimizin ən ümdə işi, müqəddəs vəzifəsi olmalıdır. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə şəhid ailələrinə göstərdikləri yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib."Oğullar” şeirini səsləndirərək şəhidlərimizə olan ehtiramını bildirib, əziz xatirələrini yad edib.


2-ci qrup Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev çıxış edərək Vətən müharibəsi iştirakçısı və qazi olaraq şəhidimizin doğum günündə çıxış etməyin onun üçün çətin olduğu qədər də qürurverici olduğunu qeyd edib. "1 il öncə 27 sentyabrda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun başladığı "Dəmir yumruq” əməliyyatında iştirak etmək hər bir əsgər üçün qürurverici idi. 44 günlük Vətən müharibəsində bütün dünya ordumuzun gücü ilə yanaşı, həm də ordu-xalq birliyinin şahidi oldu. Xidmətə başladıqda biz hərbi and içmişdik. Vətənimiz üçün canımızı fəda edəcəyimizə, ya qazi, ya da şəhid olacağımıza and içmişdik. Ya şəhid olmalı, ya qazi olmalı, ya da Qələbə qazanmalı idik. Bu gün şəhidlərimiz olsa da, minlərlə qəhrəman oğullarımız sağlamlığını itirsə də, biz qalib ölkənin vətəndaşı ola bildik, qələbə qazandıq. Şəhidlərimiz bugünkü nəslin, gələcək nəsillərin firavanlığı üçün canından keçdi. Qazandığımız Qələbə bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan necə güclü dövlətdir və güclü ordusu var”, - deyən X.Əliyev bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Dövlətin şəhidlərimizə, qazilərimizə göstərdiyi qayğıdan söz açan qazimiz özünün timsalında hər zaman şahidi olduğunu, daim dövlətin qayğısını hiss etdiyini bildirib.

Şəhidimizin döyüş yoldaşı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Vüsal Sadıqov çıxış edərək çiyin-çiyinə vuruşduğu silahdaşı haqqında ürək sözlərini bölüşüb. "Sərxan haqqında danışsaq, aylar, illər yetməz. 10 ilə yaxın bir yerdə xidmət etmişəm. Sərxan qardaşımız elə bir tərbiyə almışdı, vətənpərvərlik ruhunda böyümüşdü ki, Xüsusi Təyinatlıların sırasında bir hərbi qulluqçu kimi deyil, bir qardaş kimi nüfuz qazanmışdı. O, döyüşdə şəhid olanda sanki XTQ-in qardaşı şəhid oldu. Biz XTQ-in hərbi qulluqçuları şəhid olanda ölmürük, əksinə daha da uca zirvələrə qalxırıq”, - deyən V.Sadıqov Sərxan kimi oğullarımızla hər zaman qürur duyacaqlarını söyləyib.

Şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək şəhidimiz haqqında ürək sözü bildirməyin çətin olduğu qədər də qürurverici olduğunu bildirib. Sərxan kimi neçə-neçə oğulların öz qanları ilə tarix yazdıqlarını, həmin oğullarla qürur duymağın hər birimizin borcu olduğunu diqqətə çatdırıb. "Sərxan məktəbdə nə qədər yaxşı oxusa da onun Vətənə, torpağa olan sevgisi daha yüksək oldu. O, hərbçi olmağı, Vətənin keşiyində dayanmağı hər şeydən üstün tutdu. Qəhrəman kimi yetişmişdi, qəhrəmancasına da şəhid oldu”, - deyən məktəb direktoru Sərxanın bu gün aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını qeyd edib. Məktəb kollektivi olaraq igid şagirdləri ilə fəxr etdiklərini, ruhu qarşısında baş əydiklərini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə yazılmış "Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl çıxış edərək kitab haqqında qısa məlumat verib. Kitabı oxuyan hər kəsin şəhidlərimizi daha yaxından tanımaq imkanının olduğunu bildirib. 50 qəhrəman şəhidimiz haqqında yazılmış kitabda şəhidlərimizin necə şərəfli bir yol keçdiklərinin aydın şəkildə öz əksini tapdığını, kitabı oxuduqca bunun bir daha şahidi olduğumuzu söyləyib.

Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Birinci Qarabağ savaşında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının qəhrəmancasına savaşdıqlarını, 680 nəfərin şəhid, 1177 nəfərin qazi olduğunu, 8 nəfərin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını aldığını bildirib. 44 günlük Vətən müharibəsində də Daxili Qoşunların hərbi qulluqçularının əsl qəhrəmanlıq dastanı yazdıqlarını qeyd edib. 66 nəfər hərbi qulluqçunun Şəhidlik zirvəsinə yüksəldiyini, 346 nəfər hərbi qulluqçunun yaralandığını, 4 nəfər hərbi qulluqçunun (1 nəfəri ölümündən sonra olmaqla) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan söz açan natiq həmin qayğının hər kəs üçün nümunə olduğunu bildirib. Şəhidimizin ailəsinə göstərilən dövlət qayğısının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini qeyd edib.

Sonra Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Vələdova, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 4-cü sinif şagirdlərindən Minur Məmmədov, şəhid kapitan İmamverdi İsmayılovun oğlu Emin İsmayılov, gizir Tahir İsmayılovun oğlu Niyazi İsmayılov, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Nurlana Mehtiyeva şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.








Şəhid atası Elxan Abdullayev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Sərxanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. "Şəhid atası, anası, həyat yoldaşı olmaq həm ağırdır, həm də qürurludur. Bu gün üç min şəhidin atası, anası, həyat yoldaşı ağlayırsa, milyonlarla atalarımız, analarımız, övladlarımız firavan yaşayacaqlar. Bu gün biz şəhid valideynləri olaraq övladlarımızla fəxr etməliyik”, - deyən şəhid atası oğlu Sərxan və onun kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Sərxanın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. 

Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Gizir Abdullayev Sərxan Elxan oğlu


Sərxan Abdullayev 2 noyabr 1988-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki azyaşlı oğul övladı yadigar qalıb.


Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.




GOYEZEN.AZ



Facebook-da paylaş