• Təqvim

  • Maraq



"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid çavuş Elməddin Nəsibovun ildönümündə xatirəsi anılıb


27 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Tariximizi  cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığı müqəddəs müharibənin böyük tarixi Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsi kimi yaddaşlara yazıldı.

Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan və daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də şəhid çavuş Nəsibov Elməddin Yusif oğludur.


Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Elməddin Nəsibovun ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. 

 

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. Birinci müavin qeyd edib ki, bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Birinci müavin Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Elməddin Nəsibovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğıdan söz açan birinci müavin həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini qeyd edib.

Şəhid qardaşı İrşad Nəsibov qardaşının ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qardaşının daim yad olunmasını Elməddinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Qardaşı Elməddin və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. 

Çavuş Nəsibov Elməddin Yusif oğlu


Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur.

12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək "N” saylı hərbi hissədə "Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. "N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb. Böyük qızı Nəzrin Ağköynək kənd tam orta məktəbin V, kiçik qızı Nigar isə II sinif şagirdidir.

Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


 

GOYEZEN.AZ



Facebook-da paylaş