Tarixi Qələbənin qazanılmasında payı olan qazaxlı şəhid gizir Səbuhi Məmmədovun ildönümü qeyd olunub
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları 44 gün davam etdi və hərb tariximizə hər gün şanlı Qələbələrlə, Zəfərlərlə yazıldı.
İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə - Şəhidlik zirvəsinə ucalan, öz qanı ilə tarix yazan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov Səbuhi Hümbət oğludur.
44 günlük Vətən müharibəsində 25 yaşında Şəhidlik adlı uca zirvəni fəth edən qəhrəman şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Səbuhi Məmmədovun ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs yad edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktoru və müəllimləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun ildönümü mərasimində iştirak ediblər.
Qəhrəman şəhidimizin Çaylı kəndindəki Şəhidlər xiyabanında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb.
"44 günlük Vətən müharibəsində Səbuhi kimi qəhrəman oğullarımız 30 illik yurd həsrətinə son qoydular. Bu gün qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borcluyuq. Nə qədər Azərbaycan xalqı var, Səbuhi kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq”, - deyən birinci müavin igid Vətən oğulları ilə hər birimizin fəxr etdiyini bildirib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Səbuhinin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
44 günlük Vətən müharibəsindən söz açan birinci müavin bu müharibədə Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Səbuhinin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu söyləyib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bir daha qeyd edib.
M.Alıyev Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb. Həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirən birinci müavin rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.
Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan birinci müavin Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrildiyini bildirib.
Şəhidimizin ata ocağında şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan birinci müavin Səbuhi Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını bir daha vurğulayıb, ailəsinə səbir diləyib.
Şəhidimizin anası Cəvahir Bənnayeva hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. "Oğlum Səbuhi Azərbaycan üçün canından keçdi. O, bütöv Azərbaycanın oğludur. Bu gün oğlumla hər kəs fəxr edir, qürur duyur. Bu, o deməkdir ki, Səbuhi qəlblərdə əbədi yaşayır”, - deyən şəhid anası övladının xatirəsinin daim yad olunmasını Səbuhinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Gizir Məmmədov Səbuhi Hümbət oğlu
Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından "N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə "N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif "N” saylı hərbi hissələrdə davam etdirmişdir.
Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Səbuhi Məmmədov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhid gizirimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş