İcra başçısı Vətən müharibəsinin qazaxlı şəhidi gizir Səbuhi Məmmədovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------------------- Bu gün fəxrlə söyləyə bilərik ki,
yola saldığımız 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən
müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum
əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük
Zəfərimizlə bitdi. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki,
müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi
baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı
altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan
xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha
da möhkəmləndirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq
düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan
şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə
strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və
ruh yüksəkliyi yaratdı. 44 gün davam edən Vətən müharibəsi hərb tariximizə hər
gün şanlı Qələbələrlə, Zəfərlərlə yazıldı. Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış
şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur.
İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazaraq Şəhidlik zirvəsinə
yüksələn igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov
Səbuhi Hümbət oğludur. Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
onların ailələrinə göstərdikləri qayğı Qazaxda da hər zaman örnək
götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin
doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri
ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir. Öz
ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış gizir
Məmmədov Səbuhi Hümbət oğlunun da doğum gününü unutmayıb. İcra
başçısı ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən 3
medalla təltif olunmuş igid Vətən oğlunun 26 yaşını ailəsi ilə
birlikdə qeyd edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH
başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısı aparatında yeni
yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif
Əmirov, şəhidimizin ailə üzvləri, təhsil
aldığı orta məktəbin direktoru və sinif rəhbəri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət
edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini
dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna
dua oxunduqdan sonra rayon rəhbəri Səbuhi
Məmmədovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan
rəhmət, ailəsinə səbir diləyib. İcra başçısı şəhidimizin anası Cəvahir xanımı qarşıdan
gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi ürək
sözlərini çatdırıb. Şəhidimizin şəxsi əşyalarından,
şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Səbuhi Məmmədov kimi
oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının
qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Səbuhinin xatirəsinin
daim əziz tutulacağını bildirib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı
tarixi Qələbədən danışan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov həmin qələbədə payı olan Səbuhi Məmmədov kimi qəhrəman
oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı 44 günlük
savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu
olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Səbuhinin təkcə
qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu,
onunla hər bir qazaxlının qürur duyduğunu bildirib. Bu gün hər birimizin Vətən
naminə canlarını fəda edən oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə
minnətdar olduğumuzu qeyd edib. "Bu gün özümə borc bildim ki, qəhrəman
gizirimizin doğum gününü sizinlə birlikdə qeyd edim. Şəhidlərimizi, onların ailələrini
yad etmək bizim vətəndaşlıq borcumuzdur”- deyən icra başçısı şəhidimizin ailəsinə
göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid
atası Hümbət Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını
ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını
bildirib. Övladı ilə hər
zaman fəxr etdiyini bildirən şəhid atası Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib. "Oğlum Səbuhi hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”,
- deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini
söyləyib. Şəhidimizin anası Cəvahir
Bənnayeva hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti
İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını
Səbuhinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi
kimi qiymətləndirib. Şəhid
gizir Məmmədov Səbuhi Hümbət oğlu
Şəhid
Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan
olmuşdur. 2001-ci ildə Səlamət
Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü
ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş,
2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin
yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından "N”
saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə "N”
saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada
davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı
Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini
müxtəlif "N” saylı hərbi hissələrdə davam etdirmişdir. Gizir
Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn
edilmişdir. Şəhid gizirimiz subay idi. Müzəffər
Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra
cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Vətən müharibəsində
iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Səbuhi Məmmədov
da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi
yaşayırlar! Şəhid gizirimizə
Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik. GOYEZEN.AZ
Facebook-da paylaş