Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Vətən müharibəsinin qazaxlı şəhidi gizir Səbuhi Məmmədovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
İcra başçısı Vətən müharibəsinin qazaxlı şəhidi gizir Səbuhi Məmmədovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib6-03-2021, 18:16 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
Bu gün fəxrlə söyləyə bilərik ki, yola saldığımız 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. 44 gün davam edən Vətən müharibəsi hərb tariximizə hər gün şanlı Qələbələrlə, Zəfərlərlə yazıldı. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazaraq Şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov Səbuhi Hümbət oğludur. Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir. Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış gizir Məmmədov Səbuhi Hümbət oğlunun da doğum gününü unutmayıb. İcra başçısı ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən 3 medalla təltif olunmuş igid Vətən oğlunun 26 yaşını ailəsi ilə birlikdə qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidimizin ailə üzvləri, təhsil aldığı orta məktəbin direktoru və sinif rəhbəri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri Səbuhi Məmmədovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. İcra başçısı şəhidimizin anası Cəvahir xanımı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Səbuhi Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Səbuhinin xatirəsinin daim əziz tutulacağını bildirib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qələbədə payı olan Səbuhi Məmmədov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Səbuhinin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu bildirib. Bu gün hər birimizin Vətən naminə canlarını fəda edən oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə minnətdar olduğumuzu qeyd edib. "Bu gün özümə borc bildim ki, qəhrəman gizirimizin doğum gününü sizinlə birlikdə qeyd edim. Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur”- deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid atası Hümbət Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Oğlum Səbuhi hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib. Şəhidimizin anası Cəvahir Bənnayeva hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Səbuhinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlu
Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından "N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə "N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif "N” saylı hərbi hissələrdə davam etdirmişdir. Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Səbuhi Məmmədov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhid gizirimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik. GOYEZEN.AZ Geri qayıt |