• Təqvim

  • Unutma

  • Maraq



Qazax: İsmayıl Şıxlının Kosalar kəndində büstü açılıb

Respublika mətbuatı Qazax haqqında


Ölkəmizin qərb qapısı, saz-söz, ədəbiyyat, mədəniyyət beşiyi Qazaxda daha bir tarixi gün yaşanıb. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbdə büstünün açılışı olmuşdur.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Xalq yazıçısının övladları, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru  Elçin Şıxlı, rəssam, jurnalist, "Ayna", "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, "Bakı Press klubu”nun prezidenti Arif Əliyev, "Altun kitab” nəşriyyatının təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü Tahir Tahiroviç (Əliyev), rəssam Qafar Sarıvəlli, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən professor Məti Osmanoğlu, şair Rəfayıl İncəyurd, Səbinə Yusif, Vətən müharibəsi iştirakçısı, "Qarabağ” ordenli, polkovnik Elçin Məmmədov, idarə, müəssisə rəhbərləri, ziyalılar, məktəb direktorları, ağsaqqallar, AYB-nin üzvləri, Xalq yazıçısının adını daşıyan məktəbin müəllimləri, kənddə yaşayan qohumları, KİV nümayəndələri iştirak ediblər.

Xalq yazıçısının xatirəsini əbədiləşdirən büstün açılışını bildirən qırmızı lent kəsdikdən sonra  torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini bölüşüb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib, ziyalılarımız akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədovun təbriklərini çatdırıb. İcra başçısı qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar  2019-cu il tarixli Sərəncam təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyər oldu.


Rayon rəhbəri Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə Respublika Prezidenti İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. R.Babaşov qeyd edib ki, xoşbəxt insan o şəxsdir ki, özündən sonra iz qoyur və əbədi qəlblərdə yaşayır. "İsmayıl Şıxlı şəxsiyyəti də məhz elə insanlardandır”, - deyən icra başçısı özündən sonra iz qoymuş böyük insanın həyat və yaradıcılığından söz açıb. Ulu Öndərin Xalq yazıçısına verdiyi dəyərdən danışan icra başçısı Ümummilli Liderin İsmayıl Şıxlının 75 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamdan, ünvanladığı təbrik məktubundan söz açıb. İcra başçısı bildirib ki, Ulu Öndərin təbrik məktubunda da qeyd edildiyi kimi, İsmayıl Şıxlı istedadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salıb. Belə bir sevgiyə layiq görülmək ən böyük səadətdir.

İcra başçısı bildirib ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymətin ifadəsi  olaraq  ölkə başçısının diqqət və qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurulub. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində bu gün qarşısında büstünün açılışına toplaşdığımız məktəb binası Xalq yazıçısının 100 illik yubileyinə daha bir töhfə oldu.

Daha sonra şair Barat Vüsal ölkə Prezidentinin İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan sonra Qazax rayonunda görülmüş işlərdən, Xalq yazıçısının həyat və yaradıcılığından danışaraq ətraflı məlumat verib. Xalq yazıçısının 100 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və dəstəyi ilə "Dəli Kür ömrü” adlı kitabın çap olunduğunu, büstünün hazırlandığını minnətdarlıq hissilə qeyd edib.

Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli çıxış edərək, Xalq yazıçısı ilə bağlı fikirlərini bölüşüb. Natiq çıxışında İsmayıl Şıxlının təkcə şəxsiyyət, yaradıcılıq etibarı ilə deyil, onları bütöv şəkildə birləşdirən Azərbaycanın təmsilçisi, onun Azərbaycan kişiliyinin timsalı olduğunu bildirib.

Digər natiqlər də İsmayıl Şıxlı yaradıcılığının Azərbaycan ictimai fikir tarixindəki rolundan, ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs ediblər.

Xalq yazıçısının oğlu Elçin Şıxlı çıxış edərək atası ilə bağlı xatirələrindən danışıb. Atasının adını daşıyan məktəbin, maarif ocağının əsaslı şəkildə yenidən qurulmasına və həyətində büstünün qoyulmasına görə ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Büstün müəllifi Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət” ordenli Natiq Əliyevə ailəsi adından minnətdarlıq edib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

14 sentyabr 2021-ci il




Facebook-da paylaş