Qazax: Əbədiləşən şəhidlərimiz
Respublika mətbuatı Qazax haqqında 44 günlük
Vətən müharibəsində iştirak edən və şəhidlik zirvəsinə yüksələn Vətən
oğullarından biri də leytenant Bayramlı Elmar İsa oğludur. Yaşasaydı 23 yaşını
qeyd edəcəkdi qəhrəman döyüşçümüz. Döyüş meydanında göstərdiyi igidliyə görə
ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən "Vətən uğrunda”, "Laçının azad
olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə
təltif olunub. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi Elmar Bayramlının doğum gününü
ailəsi ilə birlikdə məzarı başında qeyd edib. Rayon İcra Hakimiyyəti başçısının
müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya
Həsənova və tədbirə toplaşanlar şəhidimizin dəfn olunduğu Yuxarı Salahlı kənd
qəbiristanlığında məzarına tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz
xatirəsini dərin ehtiramla anıblar. Torpaq uğrunda canından keçən igid Vətən
oğlunun ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib. Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən
danışan rayon rəhbəri həmin qələbədə payı olan Elmar kimi qəhrəman
oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44
günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana,
müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar
olduğumuzu qeyd edib. Qazaxda Vətən müharibəsi
şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən
danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə
"Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
yazılmış "Qanları ilə dastan yazanlar” kitabını, Qazax Tarix-Diyarşünaslıq
Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu
sahədə atılan nümunəvi addımlardan olduğunu söyləyib. Hazırda şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli
əks olunmuş lövhələrinin hazırlandığını, bundan əlavə, şəhərin N.Nərimanov
küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd
edib. Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon
filialının sədri Xasay Balayev ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu
bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin
xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi
yaşayacaqlarını dilə gətirib.
Vətən müharibəsi şəhidi kapitan
Rövşən Pənahovun atası, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud
Pənahov çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Övladının,
eləcə də Elmar kimi minlərlə qəhrəman oğullarımızın dövlət, xalq, ölkəmizin
suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdiklərini
vurğulayıb. Hər birimizin başını uca edən övladı Rövşən və Elmar kimi igid
oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bildirib. Şəhid atası İsa Bayramov hər zaman
onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə
edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə
onun xatirəsinin yad olunmasını Elmarın timsalında bütün şəhidlərimizə olan
hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və
onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib. Şəhidin babası Əhməd Süleymanov da dövlətimiz
tərəfindən şəhidlərimizin, qazilərimizin ailələrinə göstərilən qayğıdan
razılığını bildirib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 5 sentyabr 2021-ci il
Facebook-da paylaş