Qazax: Qəlbimizdə yaşayanlar
Respublika mətbuatı Qazax haqqında Respublikamızın ərazi
bütövlüyü uğrunda aparılan Vətən müharibəsində torpaqlarımızı düşmən
tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn igid
oğullarımızdan biri də şəhid kəşfiyyatçı, kiçik çavuş Məmmədov Əhməd Nazim
oğludur. Yaşasaydı 27 yaşını qeyd
edəcəkdi. Qəhrəman Vətən oğlu döyüş meydanında
göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq
sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan
Samir Çobanov, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları və başqaları
şəhidimizin dəfn olunduğu Fərəhli kənd qəbiristanlığında məzarını ziyarət
edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin
ehtiramla anıblar. İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra rayon rəhbəri
və qonaqlar şəhidin ata ocağında olub, torpaq uğrunda canından keçən şəhidimizə
Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsində qazandığı şanlı Qələbədən danışan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin
zəfərdə payı olan Əhməd kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr
etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi
olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə
borclu və minnətdar olduğumuzu qeyd edib. "Bu gün Əhmədin doğum gününü onsuz
qeyd etsək də, o, daim bizim qəlbimizdə yaşayır. 26 yaşında Şəhidlik zirvəsinə
ucalan Əhməd qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Əhmədin
igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnəkdir”. Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon
filialının sədri Xasay Balayev bizlərə böyük tarixi Qələbəni bəxş edən
şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə
əbədi yaşayacaqlarını dilə gətirib. Şəhidimizin məktəb illərindən söhbət açan sinif
rəhbəri Vüqar Məmmədov şagirdi olmuş Əhməd Məmmədovla qürur duyduğunu bildirib.
Qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşən Vüqar müəllim qeyd edir ki: - Əhməd məktəbdə tərbiyəsi, əxlaqı, öz səliqə-sahmanı
ilə seçilən bir şagird olub. Vətənə olan sevgisi onu ən uca zirvəyə yüksəltdi. Şəhid atası Nazim Məmmədov hər zaman
onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə
edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə
onun xatirəsinin yad olunmasını Əhmədin timsalında bütün şəhidlərimizə olan
hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və
onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 28 avqust 2021-ci il
Facebook-da paylaş