• Təqvim

  • Unutma

  • Maraq



Nazirlər Kabineti yanında Operativ Qərargahın Respublika müşavirəsində verilən tapşırıqların icrası Qazaxda aidiyyatı üzrə müzakirə olunub


Xəbər verdiyimiz kimi, iyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə Respublika müşavirəsi keçirildi. Müşavirədə Operativ Qərargahın üzvləri ilə bərabər şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş həkimlər iştirak ediblər.

Müşavirənin gündəliyində duran iki məsələ - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.

Bu gün Qazaxda Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə keçirilən Respublika müşavirəsində səslənən fikirlərlə, verilən tapşırıqlarla əlaqədar geniş tərkibdə müşavirə keçirilib.

Qazax Gənclər Mərkəzində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsinin, 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, polis sahə müvəkkillərinin, rayonda fəaliyyət göstərən şadlıq saraylarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə verilmiş tapşırıqlardan irəli gələn məsələlər geniş şəkildə qeyd edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. İcra başçısı bildirib ki, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimizin dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəsin səfərbər olmalı olduğumuzu bildirib.

İcra başçısı qeyd edib ki, istər iyulun 21-də Baş nazirin sədrliyi ilə keçirilən müşavirə zamanı, istərsə də bugünkü müşavirədə peyvəndlənmə ilə bağlı verilmiş tapşırıqlar bir daha onu sübut edir ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya vətəndaşların sağlamlığı üçün vacibdir və ümumrayon işində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.


Gündəlikdə duran məsələləri - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri ilə bağlı verilmiş tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran rayon rəhbəri bu işdə hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsini qeyd edib.

Rayon rəhbəri bildirib ki, Baş nazir Əli Əsədovun da söylədiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Operativ Qərargahın yaradıldığı dövr ərzində əhalinin sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilərək xəstəliklə mübarizəyə cəlb olunub, o cümlədən səhiyyə orqanlarının bütün maddi təminatı ödənilib, habelə yoluxmanın və sağalmanın dinamikasına uyğun olaraq xüsusi karantin rejiminin gücləndirilməsi və yumşaldılması üzrə inzibati tədbirlər görülüb. Xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin iqtisadiyyata göstərdiyi təzyiqə baxmayaraq, dövlət başçısının elan etdiyi prinsip - vətəndaşların sağlamlığı əsas prinsip kimi tətbiq olunub. Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir.

Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir.

Qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı.

Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verildi.

İcra başçısı vurğulayıb ki, müşavirədə də səsləndiyi kimi, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir. Qeyd edildiyi kimi, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.

Müşavirədə də deyildiyi kimi, oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır. Məhz belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur. Prosesin bu şəkildə davam etməsi isə arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

İcra başçısı Baş nazirin də vurğuladığı kimi, Operativ Qərargahın üzvlərinin, şəhər və rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi məsuliyyət daşıdıqlarını bir daha qeyd edib.


Rayon rəhbəri söyləyib ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil. Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır. Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcəkdir. Odur ki, şənliklərdə icazə verilən 150 nəfərdən artıq şəxslərin iştirakı, eyni zamanda COVID pasportu olmayan şəxslərin şənliklərə buraxılması olduqca yolverilməzdir.

İcra başçısı dünənki müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsinin də müzakirə olunduğunu, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanların, həm də kifayət qədər peyvənd ehtiyatı olduğunun vurğulandığını bildirib. Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verildiyini bir daha diqqətə çatdırıb.

İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesinin uğurla davam etdiyini bildirib. Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 83 min 487 doza vaksin vurulduğunu, birinci doza vaksin vurulmuş şəxslərin sayının 44 min 287 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayının isə 39 min 200 nəfər olduğunu vurğulayıb. Vaksinasiya prosesinin bundan sonra da uğurla davam etdirilməsi üçün hər kəsin var qüvvə ilə çalışmalı olduğunu söyləyib.


Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsinin rəisi Gündüz Qənbərov, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev çıxış edərək Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları tərəfindən görülmüş işlərdən söz açıblar. Xüsusilə də vətəndaşların sağlamlığı üçün qida təhlükəsizliyi qaydalarına əməl olunması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl olunması, hətta, ət məhsullarının ət kəsimi məntəqələrində kəsilməsi ilə bağlı maarifləndirici söhbətlər aparıldığını vurğulayıblar.


"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib. Bugünkü müşavirənin mühüm əhəmiyyət daşıdığını və bundan sonra görüləcək işlərə öz töhfəsini verəcəyini bildirib.

Geniş müzakirələr şəraitində keçirilən müşavirədə tədbir iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb, tövsiyələr verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə, peyvəndlənmənin sürətləndirilməsi, şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri ilə əlaqədar Baş Nazirin verdiyi tapşırıqların icrası istiqamətində aidiyyatı üzrə bir daha göstərişlərini verib.


GOYEZEN.AZ



Facebook-da paylaş